X şirkəti iOS platforması üçün ayrıca XChat tətbiqini istifadəyə verməyə hazırlaşır. Yeni messencerin rəsmi buraxılışı 17 aprel tarixinə planlaşdırılıb.
XChat platformanın ekosisteminin bir hissəsi olacaq və istifadəçilərə təhlükəsizlik və rahat ünsiyyət üçün geniş imkanlar təqdim edəcək. Əsas funksiyalar arasında mesajların uçdan-uca şifrələnməsi, skrinşotlardan qorunma, eləcə də mesajların redaktə və bütün iştirakçılar üçün silinməsi yer alır. İstifadəçilər həmçinin müxtəlif cihazlar arasında, o cümlədən qrup şəklində səsli və video zənglər edə biləcəklər.
Yeni tətbiqdə yoxa çıxan mesajlar funksiyası və yüzlərlə iştirakçını dəstəkləyən iri qrup çatları da mövcud olacaq. XChat-in diqqət çəkən xüsusiyyətlərindən biri isə reklamların olmamasıdır ki, bu da onu bazardakı digər messencerlərdən fərqləndirə bilər. Bundan əlavə, tətbiqdə telefon nömrəsi olmadan audio və video zənglər etmək imkanı da təqdim ediləcək.
Qeyd edək ki, ötən yay Elon Musk yeni mesajlaşma sisteminin hazırlanmasını təsdiqləmişdi. XChat-in istifadəyə verilməsi X platformasının sosial şəbəkə, messencer və digər xidmətləri birləşdirən universal tətbiqə çevrilməsi strategiyasının bir hissəsi hesab olunur.
