xAI, öz süni intellekt modeli Grok 2.5-i açıq mənbəli edərək Hugging Face platformasında paylaşıb. Mask bu barədə özünün X platformasındakı hesabında yazıb: "Keçən il ən yaxşı modelimiz olan Grok 2.5 artıq açıq mənbəlidir." O, əlavə edib ki, növbəti versiya olan Grok 3 də təxminən 6 ay ərzində eyni şəkildə açıq mənbəli ediləcək.
Açıq mənbə (open source) prinsipi texnologiya dünyasında inkişafı sürətləndirən ən əsas amillərdən biridir. Bu o deməkdir ki, şirkət öz modelinin "model çəkilərini" (model weights), yəni modelin necə işlədiyini müəyyən edən əsas parametrlərini hamı üçün əlçatan edir. Bunun sayəsində digər tərtibatçılar və tədqiqatçılar bu modeli sərbəst şəkildə istifadə edə, dəyişdirə və daha da təkmilləşdirə bilirlər. Bu, yeni proqramların yaradılmasına və süni intellektin daha sürətli inkişafına imkan verir.
Ancaq süni intellekt mühəndisi Tim Kelloqq qeyd edir ki, Grok üçün seçilən lisenziya “xüsusi və müəyyən rəqabətə qarşı şərtlər” daşıyır. Yəni, Grok 2.5 açıq mənbə kimi paylaşılsa da, tam sərbəst deyil. Onu öyrənmək və sınaqdan keçirmək olar, amma rəqabət məqsədilə istifadə etməyə və ya kommersiya məhsullarına qatmağa icazə verilmir.
Grok modeli X platformasında istifadəyə veriləndən sonra çoxlu qalmaqal yaratdı. Çünki bəzən təhlükəli və yalan fikirlər söyləyirdi.
Hazırda Mask ən yeni versiya olan Grok 4-ü “həqiqəti axtaran süni intellekt” kimi təqdim edir. Amma müşahidələr göstərir ki, model çətin və mübahisəli suallara cavab verəndə çox vaxt əvvəlcə Maskın X-dəki paylaşıqlarına baxır. Bu isə insanların beynində sual yaradır: “Grok doğrudan da tam neytraldırmı, yoxsa Maskın fikirlərinə bağlıdır?”