İlon Maskın rəhbərlik etdiyi xAI şirkəti süni intellekt sahəsində növbəti addımını ataraq Grok 4 adlanan yeni modelini təqdim etdi. Yeni modelin yanında “Grok 4 Heavy” versiyası və aylıq 300 dollarlıq “SuperGrok Heavy” premium abunəlik paketi də istifadəyə verildi. Grok modeli, OpenAI-nin ChatGPT-si və Google-un Gemini-si ilə rəqabət aparmaq üçün hazırlanıb və son aylar ərzində İlon Maskın sahibi olduğu sosial şəbəkə X ilə sıx şəkildə inteqrasiya edilib.
İlon Mask təqdimat zamanı bildirib ki, Grok 4 modeli akademik biliklər baxımından bütün sahələrdə PhD səviyyəsini keçib. Onun sözlərinə görə, model hələlik yeni texnologiyalar ixtira etməyib və fizika sahəsində kəşf etməyib, amma bu, yalnız zaman məsələsidir. Grok 4 Heavy isə eyni anda bir neçə süni intellekt agentini işə salaraq problemi paralel şəkildə araşdırır və ən yaxşı cavabı müəyyənləşdirir – bu proses “öyrənmə qrupu”na bənzədilir.
xAI şirkətinin açıqladığı nəticələrə əsasən, Grok 4 modeli “Humanity’s Last Exam” adlı kompleks testdə tools-suz (əlavə vasitələr olmadan) 25.4% nəticə göstərərək Gemini 2.5 Pro (21.6%) və OpenAI-nin o3 modeli (21%) ilə müqayisədə daha yüksək nəticə əldə edib. Grok 4 Heavy isə tools ilə bu testdə 44.4% nəticə göstərib. Digər bir vacib göstərici – ARC-AGI-2 testində Grok 4 modeli 16.2% nəticə göstərərək ən yaxın rəqibi Claude Opus 4-ü ikiqat qabaqlayıb.
Şirkət eyni zamanda ən yüksək qiymətli abunəlik paketi olan SuperGrok Heavy-ni təqdim edib. Bu paketin dəyəri ayda 300 dollardır və istifadəçilərə Grok 4 Heavy-yə erkən çıxış imkanı, əlavə funksiyalar və gələcək yeniliklərə əvvəlcədən baxış imkanı verir. Şirkət yaxın aylarda üç yeni məhsul təqdim edəcəyini də bildirib: avqustda kodlaşdırma modeli, sentyabrda multimodal agent və oktyabrda video generasiya modeli.
Təqdimatdan bir neçə gün əvvəl Grok-un avtomatlaşdırılmış X hesabı antisemitik və təhqiramiz paylaşımlar etdiyi üçün sərt tənqid olunmuşdu. Şirkət həmin paylaşımları silmiş, Grok-un hesabını müvəqqəti məhdudlaşdırmış və sistem təlimatındakı “siyasi korrektlikdən çəkinməmə” maddəsini çıxarmışdı. Təqdimat zamanı bu qalmaqal barədə heç bir rəsmi açıqlama verilmədi və diqqət yalnız modelin texniki performansına yönəldildi.
Texniki göstəriciləri yüksək olan Grok 4 süni intellekt dünyasında ciddi rəqabət yaratsa da, xAI şirkətinin ictimai məsuliyyət və etik davranış sahəsində atacağı addımlar bu modelin gələcəyini müəyyən edəcək.