Mask bildirib ki, bu, səhmlərlə ödənilən bir müqavilədir və nəticədə xAI 80 milyard dollar, X isə 33 milyard dollar dəyərində qiymətləndirilir. "X"in əvvəlki dəyəri 45 milyard dollar idi, lakin 12 milyard dollar borc çıxdıqdan sonra dəyəri azaldı. Mask qeyd edib ki, xAI və X artıq ayrılmaz şəkildə bağlıdır və bu satınalma ilə məlumatlar, süni intellekt modelləri, hesablama gücü, istifadəçi bazası və istedadlı mütəxəssislər birləşdirilir.
"xAI"nin əsas məhsulu olan Grok AI çatbotu artıq X platformasında istifadə olunurdu. Bu satınalma isə xAI-nin süni intellekt sahəsində daha da güclənməsinə kömək edəcək.
Mask Tesla, SpaceX və Neuralink kimi şirkətləri də idarə edir. 2023-cü ildə xAI-ni yaradandan sonra, Google DeepMind, Microsoft və OpenAI-dən tanınmış mütəxəssisləri işə götürüb.
Onun əsas rəqibləri OpenAI, Google DeepMind və Anthropic-dir. Fevral ayında xAI Grok 3 adlı süni intellekt modelini təqdim edib və bu model riyaziyyat, elm və proqramlaşdırma sahələrində yüksək nəticələr göstərib.
Mask, həmçinin OpenAI-ya qarşı çıxır və onun kommersiyalaşmasına mane olmaq üçün məhkəmə işi açıb. Fevral ayında isə 97 milyard dollar dəyərində təklif verərək OpenAI-nı satın almağa çalışıb, lakin bu təklif rədd edilib.
Maskın xAI üzərində üstünlüyü, X platformasındakı milyonlarla istifadəçinin paylaşdığı məlumatlardan istifadə etmək imkanına sahib olmasıdır. Süni intellektlər üçün əsas resurs böyük həcmdə məlumatdır və X bu baxımdan Maskın xeyrinə işləyir.
Bu addımla Mask, X-in süni intellekt strategiyasının bir hissəsi olduğunu göstərdi. Artıq X sadəcə bir sosial media platforması deyil, Maskın AI sahəsindəki böyük hədəflərinin bir parçasıdır.