Səfər çərçivəsində Buxarest Parlament Sarayında baş tutan Rəqəmsal İnnovasiyalar Sammitində təşkil olunmuş “Kritik İnfrastrukturların Mühafizəsi – 2024” Beynəlxalq Konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxış etmişdir.
O, “Enerji infrastrukturlarının fəaliyyətində dayanmalar zamanı fövqəladə hallara hazırlıq” mövzusunda baş tutmuş panel müzakirələrində ölkəmizdə bu sahədə ötən il keçirilmiş “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsindən bəhs etmişdir. T. Məmmədov, kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyinə məsul komandalar üçün təlim xarakterli belə kibermüharibə yarışlarının təşkilinin faydasından danışmaqla, texniki təlimlərlə yanaşı üst səviyyə idarəçilər üçün də böhranın idarəedilməsi mövzusunda “Table Top Exercises” təlimlərinin keçirilməsinin fövqəladə vəziyyətlərdə adekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Eyni zamanda T. Məmmədov kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin may ayından etibarən 2 illik müddətinə başlayacağını elan etmişdir.