Yaponiyanın ticarət assosiasiyası CODA (Content Overseas Distribution Association) rəsmi şəkildə OpenAI şirkətindən Sora 2 süni intellekt modelindən bütün yapon mənşəli materialların istifadəsinin dayandırılmasını tələb edib. Bu barədə məlumat qurumun rəsmi bloqunda yerləşdirilib.
Assosiasiyanın tərkibinə Bandai Namco, Square Enix, Kadokawa və məşhur Studio Ghibli kimi Yaponiyanın ən iri media şirkətləri daxildir. CODA hesab edir ki, OpenAI-nin hazırkı təcrübəsi ölkənin müəllif hüquqları haqqında qanunvericiliyini pozur.
Qurumun əsas iradı şirkətin “əvvəl istifadə et, sonra icazə al” prinsipinə əsaslanan yanaşmasıdır. Yapon qanunlarına görə, qorunan materialların hər hansı formada istifadəsi yalnız əvvəlcədən müəllifin razılığı ilə mümkündür. Sonradan həmin materialın sistemdən silinməsi bu pozuntunu aradan qaldırmır.
CODA bəyan edib ki, OpenAI-nin “əvvəl öyrət, sonra çıxart” modeli hüquqi baxımdan yolverilməzdir və məsuliyyətdən yayınmaq üçün bəhanə sayıla bilməz.
Assosiasiya OpenAI-ni yapon müəllifləri və media şirkətləri ilə birbaşa dialoqa dəvət edib, lakin eyni zamanda xəbərdarlıq edib ki, tələblər yerinə yetirilməsə, məhkəmə iddiası qaldırmaq istisna olunmur.
CODA-nın bəyanatında vurğulanır ki, Sora 2-nin hazırkı fəaliyyəti “yapon yaradıcılıq sənayesinə hörmətsizlik” kimi qiymətləndirilir və dərhal dəyişikliklər edilməlidir.
