Yaponiyanın enerji şirkəti TEPCO tərəfdaşları ilə birlikdə atom elektrik stansiyalarının yenidən işə salınması üçün tələb olunan sənədlərin hazırlanmasını sürətləndirən Sİ sistemi hazırlayıb.
Yaponiyada operatorlar fəaliyyəti dayandırılmış reaktorları yenidən işə salmazdan, yeni AES tikməzdən və ya avadanlıqları modernləşdirməzdən əvvəl tənzimləyici qurumun yoxlamasından keçməli və icazə almalıdır. Bu proses üçün böyük həcmdə sənədlərin hazırlanması ciddi vaxt və insan resursları tələb edir.
Məsələn, Kaşivazaki-Kariwa AES-in 7-ci enerji blokunun yenidən işə salınması ilə bağlı sənədlərin hazırlanmasında TEPCO-nun təxminən 100 əməkdaşı bir neçə ay çalışıb. Hazırlanan sənədlərin ümumi həcmi 70 min səhifəyə yaxın olub.
Yeni Sİ sistemi bu prosesdə mütəxəssislərin iş yükünü azaltmalı və sənədlərin hazırlanmasını sürətləndirməlidir. TEPCO texnologiyanı gələcəkdə digər iri enerji şirkətlərinə də təqdim etməyi nəzərdən keçirir.
2011-ci ildə Fukusima-1 AES qəzasından əvvəl Yaponiyada 54 atom reaktoru fəaliyyət göstərirdi və onlar ölkənin elektrik enerjisi tələbatının təxminən üçdə birini qarşılayırdı. Qəzadan sonra bütün reaktorlar dayandırıldı və daha sərt təhlükəsizlik tələbləri nəzərə alınmaqla mərhələli şəkildə yenidən işə salınmağa başlandı. Hazırda Yaponiyada 14 reaktorun işlədiyi bildirilir.
