Yapon startapı turistləri hava şarları ilə kosmosa aparacaq vasitə hazırlayıb.
Madriddə yerləşən kosmik turizm şirkəti HALO Space daha əvvəl insanları hava şarları ilə kosmosa aparmağa çalışdığını açıqlamışdı. İndi də Yaponiya bu sahədə addım atıb. Belə ki, yapon startapı Iwaya Giken turistləri hava şarları ilə kosmosa aparacaq vasitə hazırlayıb.
Startapın rəhbəri Keisuke İvaya bildirib ki, sərnişinlərin səyahət edə bilməsi üçün milyarder olmasına və ya geniş təlim keçməsinə ehtiyac yoxdur. Startap 2012-ci ildən layihə üzərində işləyir. Startap o vaxtdan bəri bir pilot və sərnişin daşıya bilən iki nəfərlik kabini olan, 25 kilometr hündürlüyə qalxa bilən və Yerin əyrisini aydın şəkildə görə bilən şar hazırladığını bildirir. Şar yalnız stratosferin təxminən ortasına qalxacaq. Uçan reaktiv təyyarədən daha yüksəkdə olacaq sərnişinlər kosmosu müşahidə edə biləcəklər.
İlkin olaraq bir uçuşun qiyməti təxminən 24 milyon yen (180 min dollar) olacaq. Lakin gələcəkdə bu qiymətin 30-40 min dollara endirilməsi planlaşdırılır.
Açıqlamaya görə, şar əsasən təkrar istifadə edilə bilən heliumla qaldırılacaq və uçuşlar Yaponiyanın hava məkanı üzərində təhlükəsiz şəkildə baş tutacaq. Hətta bu ilin sonuna doğru ilk turistlər sözügedən şarla Hokkaydodakı hava limanından səmaya qalxacaq.