Az | EN

Azərbaycanda "remote" üçün yeni viza və yaşayış qaydaları təklif olunur

Cəmil Hüseynzadə
30 Sentyabr 2026 12:50
15 baxış
Azərbaycanda "remote" üçün yeni viza və yaşayış qaydaları təklif olunur

Azərbaycanda distant çalışan və gəlirini xarici mənbələrdən əldə edən əcnəbilər üçün işgüzar səfər vizası və yaşamaq icazəsi ilə bağlı yeni qaydalar təklif olunur.

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında müzakirə olunan qanun layihəsində “rəqəmsal səyyah” anlayışı rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində distant çalışan, gəlirini xaricdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi müəyyən edilir.

Təklifə əsasən, rəqəmsal səyyaha işgüzar səfər vizası verilərkən dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiqləyən sənəd tələb olunmayacaq. Bunun əvəzinə müraciət edən şəxs fəaliyyətini və son altı ay üzrə xarici mənbələrdən əldə etdiyi orta aylıq sabit gəlirin minimum əməkhaqqının ən azı 13 misli olduğunu təsdiqləyən sənədlər təqdim etməlidir.

Eyni gəlir tələbi müvəqqəti yaşamaq icazəsi üçün də nəzərdə tutulur. İcazə ən çox 3 il müddətinə verilə və müvafiq əsas olduqda hər dəfə 3 ilədək uzadıla bilər.

Daimi yaşamaq icazəsi üçün isə son altı ay üzrə orta aylıq sabit gəlirin minimum əməkhaqqının ən azı 26 misli olması tələb ediləcək. Bu şəxslərin hüquq və vəzifələr, həmçinin dövlət dili üzrə bilikləri yoxlanılmayacaq.

Müvəqqəti və ya daimi yaşamaq icazəsi üçün rəqəmsal səyyahın vergi orqanında qeydiyyata alınaraq texnologiyalar parkının rezidenti kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur.

Bundan əlavə, təklif olunan dəyişikliklərə əsasən, rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.

Qanun qəbul edilərsə, dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

© copyright 2022 | tech.az | info@tech.az