YIĞIM Payment System American Express (AMEX) kartları ilə onlayn ödənişlərin qəbuluna başlandıqdan sonra ilk nəticələri ictimaiyyətlə bölüşür. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birgə həyata keçirilən bu xidmətin tətbiqindən bəri artıq 30-dan çox tərəfdaş sistemə qoşulub və növbəti iki ay ərzində bu sayın 300-ə çatdırılması planlaşdırılır.
İlk iki həftə ərzində ümumi əməliyyat dövriyyəsi 300 000 manatı keçib ki, bu da AMEX kartlarına beynəlxalq müştərilər arasında yüksək tələbatın və Azərbaycan biznesinin qlobal səviyyədə tanınan və etibarlı ödəniş üsullarına artan marağının göstəricisidir.
American Express kartlarının qəbul edilməsinin əlavə üstünlüyü ondadır ki, bu kartların sahibləri adətən yüksək gəlir səviyyəsinə malik müştərilərdir, bu isə bizneslər üçün yüksək satış potensialı deməkdir. Statistikaya əsasən, AMEX istifadəçiləri digər kart sahibləri ilə müqayisədə daha yüksək orta məbləğlə alış-veriş edirlər. Bundan əlavə, American Express kartlarının qəbul edilməsi biznesin nüfuzuna müsbət təsir edir, müştərilər arasında etimad formalaşdırır və şirkətin keyfiyyətli və premium xidmətlə assosiasiya olunmasına səbəb olur.
Bu nəticələr American Express kartlarının premium müştəri seqmenti, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Braziliya və digər 198 ölkə və ərazidən olan turistlər və işgüzar səyyahlar üçün nə qədər aktual olduğunu bir daha sübut edir.
Dünyada American Express – əsas statistik göstəricilər
2024-cü il ərzində Amex kart sahibləri ümumilikdə 1,55 trilyon ABŞ dolları dəyərində alış-veriş ediblər. American Express kartları dünyanın 66 milyondan çox ticarət nöqtəsində qəbul olunur ki, bu da onları dünyada ən geniş yayılmış və tanınan ödəniş vasitələrindən birinə çevirir. Bu göstəricilər American Express-in qlobal ödəniş bazarında aparıcı oyunçulardan biri olduğunu və bizneslərə ödəmə qabiliyyətli beynəlxalq auditoriyaya çıxış imkanı verdiyini sübut edir.
Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında strateji addım
American Express kartları ilə onlayn ekvayrinqin tətbiqi sayəsində YIĞIM Payment System və ABB ölkənin onlayn ödəniş infrastrukturunun inkişafını davam etdirir, bizneslər üçün dünyanın müxtəlif ölkələrindən müştəriləri cəlb etmək və xidmət səviyyəsini yüksəltmək istiqamətində yeni imkanlar açır.
American Express kartları ilə onlayn ödənişlərin qəbulu xidmətinə artıq Hilton Hotel, Hilton Garden Inn, Fairmont Baku, Fairmont Baku Spa, LandMark Hotel, Hertz, Qalaalti Hotel, River Inn Hotel, Fly Inn Baku, Macara Sheki Hotel, Chenot Palace, Xezer Inci Hotel, Port Rivolli kimi mehmanxana və turizm sektorunun aparıcı nümayəndələri qoşulub.
YIĞIM Payment System haqqında
YIĞIM Payment System – Azərbaycanın aparıcı fintex şirkətidir və ölkədə PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatını əldə edən ilk ödəniş təşkilatıdır. Şirkət fərdi və korporativ müştərilər üçün innovativ və təhlükəsiz ödəniş həlləri təqdim edir, həmçinin Google Pay və Apple Pay vasitəsilə onlayn ödəniş imkanını Azərbaycanda ilk tətbiq edən şirkət olmuşdur.
Şirkətin missiyası – ölkədə nağdsız iqtisadiyyatın inkişafına töhfə verən rahat, etibarlı və təhlükəsiz rəqəmsal ödəniş ekosisteminin yaradılmasıdır. Əsas fəaliyyət istiqamətləri sırasına müasir texnologiyaların inteqrasiyası, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, əməliyyatların maksimum təhlükəsizliyinin təmin edilməsi və fintex sahəsində innovasiyaların dəstəklənməsi daxildir.