Mark Zukerberq bu gün şirkətin maliyyə hesabatı zamanı bildirib ki, gələcəkdə süni intellektlə işləyən eynəklər insanların həyatında əsas rol oynayacaq. Onun sözlərinə görə, bu cür eynəklərdən istifadə etməyən insanlar zehni baxımdan digər insanlardan geri qalacaqlar.
“Eynəklər süni intellektlə qarşılıqlı əlaqə üçün ideal bir vasitədir. Süni intellekt eynək vasitəsilə sizin gördüklərinizi görə, eşitdiklərinizi eşidə və sizinlə danışa bilər,” – deyə Zukerberq qeyd edib.
O, əlavə edib ki, bu eynəklərə kiçik və ya hologram ekranlar əlavə olunduqda, onların imkanları daha da artacaq. Meta şirkəti artıq bu sahədə bir neçə model hazırlayıb. Məsələn, “Ray-Ban Meta” və “Oakley Meta” adlı ağıllı eynəklər musiqi dinləməyə, şəkil və video çəkməyə, həmçinin istifadəçinin gördüyü şeylər haqqında süni intellektdən məlumat almağa imkan verir. Bu məhsullar bazarda uğur qazanıb və satışlar üç dəfə artıb.
Mark Zukerberq bildirir ki, bu texnologiyanın inkişafı üçün Meta-nın Reality Labs bölməsi illərdir araşdırmalar aparır. Lakin bu bölmə şirkət üçün baha başa gəlir – təkcə 2025-ci ilin ikinci rübündə 4.53 milyard dollar zərər olub. 2020-ci ildən bəri bu sahəyə 70 milyard dollardan çox xərc çəkilib.
Zukerberq bu xərcləri gələcəyin texnologiyasına yatırım kimi görür. Onun fikrincə, bu texnologiyalar yalnız Meta üçün deyil, ümumiyyətlə süni intellektlə işləyən bütün qurğular üçün yeni dövrün başlanğıcı ola bilər.
Digər texnologiya şirkətləri də bu sahəyə maraq göstərir. Bu ilin əvvəlində OpenAI şirkəti Apple-ın sabiq dizayneri Jony Ive-in yaratdığı startapı 6.5 milyard dollara alıb. Bu startapın məqsədi yeni nəsil süni intellekt cihazları yaratmaqdır. Bəzi digər şirkətlər isə süni intellekt “pin”ləri və ya boyunbağıya oxşayan cihazlar üzərində işləyirlər.
Hazırda isə ən uyğun və qəbul edilən forma məhz eynäklər sayılır. Çünki bir çox insan onsuz da eynək taxır və bu, gündəlik həyatda normal görünür.
Zukerberq hesab edir ki, bu texnologiya yalnız süni intellektlə bağlı deyil, həm də rəqəmsal və real dünyanı birləşdirmək üçün mühüm addımdır:
“Eynəklər real və rəqəmsal dünyanı birləşdirmək üçün ən yaxşı vasitə olacaq. Bu baxımdan Metaverse ideyası da çox önəmli olacaq və süni intellekt bu prosesi daha da sürətləndirəcək,” – deyə o bildirib.