Az | EN

10 000 Manat "Openwave" mükafatla hakatonu başlayır

Cəmil Hüseynzadə
10 May 2026 08:03
79 baxış
10 000 Manat "Openwave" mükafatla hakatonu başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumlarında innovasiya
fəaliyyətlərinin genişləndirilməsi və ekosistemin inkişafı məqsədilə "Açıq İnnovasiya"
platforması olan Openwave Açıq İnnovasiya Proqramı çərçivəsində Bakı şəhəri
Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi tərəfdaşlığı ilə keçirilən hakatonlar
seriyasının ilk mərhələsinə start verilir.
Bu qlobal çağırışlara cavab verən strateji təşəbbüs çərçivəsində reallaşdırılacaq ilk böyük addım isə
Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə təşkil edilən, genişmiqyaslı
"Openwave" hakatonu olacaqdır.
Tədbirin rəsmi təşkilatçıları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi , Bakı Şəhəri Nərimanov
Rayon İcra Hakimiyyəti və gənc startapları, şirkətləri, istedadlı şəxsləri bir araya gətirən innovasiya
ekosistemi olan "Tedspace" şirkətidir. Tədbirin media dəstəyini isə ölkənin elmi-texnoloji və startap
mediası olan "Tedroid" həyata keçirir.
"Openwave" Açıq İnnovasiya Proqamının əsas məğzi dövlət idarəetməsində ənənəvi qapalı
sistemlərdən imtina edərək, texnoloji cəmiyyətin, startapların və fərdi istedadların potensialından
ortaq şəkildə yararlanmaqdır. "Açıq İnnovasiya" yanaşması qurumlara kənardan gələn innovativ
ideyaları və qabaqcıl texnoloji həlləri öz daxili proseslərinə inteqrasiya etməyə imkan yaradır.
Təşkilatçılardan olan "Tedspace"in "Bilikdən birliyə, ideyadan həqiqətə" fəlsəfəsinə uyğun olaraq, bu
platforma vasitəsilə vətəndaşlar və İT mütəxəssisləri sadəcə xidmət istehlakçısı deyil, rəqəmsal
transformasiyanın birbaşa iştirakçısına çevrilirlər.
48 saat davam edəcək bu hakatonda sahənin ekspertləri, proqramçılar, dizaynerlər və
tərtibatçılardan ibarət komandalar iştirak edəcəkdir. Seçim prosesi nəticəsində hakatonda iştirak
etmək üçün ən peşəkar 15-20 komanda, təxminən 60-90 iştirakçı mübarizə aparacaqdır.
“Təqdimatların sonunda ilk 3 komanda seçiləcək və qaliblər üçün ümumi
10 000 AZN məbləğində mükafat fondu təqdim olunacaqdır. 1-ci yerə 5000
manat, 2-ci yerə 3000 manat və 3-cü yerə isə 2000 manat.”

Qeyd edilməlidir ki, bu hakaton sadəcə bir yarışma platforması deyil, Nərimanov rayonunda ərazi
üzrə idarəetmənin optimallaşdırılmasının həyata keçirilməsi üçün praktiki bir mexanizm olaraq
dizayn edilib. Tədbirin əsas məqsədi iştirakçılar tərəfindən ərazi üzrə problemlərin müəyyən
edilməsi, uçotu, prioritetləşdirilməsi və həllinin monitorinqi mexanizminin yaradılmasıdır. Bu
çərçivədə iştirakçılardan aşağıdakı funksionallıqları ehtiva edən rəqəmsal həllərin hazırlanması tələb
olunur:
● Sistematik nəzarət: Əraziyə planlı və marşrutlaşmış baxışın təmin olunması;
● Operativ qeydiyyat və yönləndirmə: Müəyyən edilmiş problemlər barədə təfərrüatlı
məlumatların operativ qeydiyyatının aparılması və aidiyyəti qurumların nümayəndələrinə,
məsul şəxslərə yönləndirilməsi;
● Əlçatan idarəetmə (Mobil tətbiq): Foto, geolokasiya və problem kateqoriyası funksiyaları
vasitəsilə məlumatlanma və idarəetmənin əlçatanlığının təmin edilməsi;
● Analitik panellər: Rayonun canlı “vəziyyət xəritəsi”nin və interaktiv hesabatlılıq üçün əsaslı
idarəetmə panelinin yaradılması;
● Rəqəmsal arxiv və audit: Problemlərin uçotu, rəqəmsal arxivləşdirilməsi, prioritetlərin
müəyyən olunması və audit izləmə mexanizminin qurulması;
● İcra və statusun izlənməsi: Tapşırıqlar üzrə icraçının və obyektiv son icra tarixinin
(deadline) təyin edilməsi, problemin tam həllinədək statusunun izlənməsi;
● Avtomatlaşdırılmış xəbərdarlıq: Gecikmələr halında sistem tərəfindən avtomatik
xəbərdarlıqların göndərilməsi;
● Vahid koordinasiya: Rayon ərazisində fəaliyyət göstərən kommunal-təsərrüfat qurumlarının
fəaliyyətinin koordinasiyası (su, qaz, elektrik enerjisinin verilməsində qəzalar, hava şəraiti ilə
əlaqədar yaranmış hallar zamanı məlumatların nəzərə alınması ilə preventiv və operativ
tədbirləri ehtiva edən sistemli fəaliyyət planı).
"Openwave" dalğasının bir hissəsi olmaq, öz texnoloji biliklərini dövlət idarəetməsinin
təkmilləşdirilməsinə sərf etmək və on min manatlıq mükafat uğrunda mübarizə aparmaq istəyən hər
kəs bu unikal fürsətdən yararlanmağa dəvət olunur.
Rəqəmsal innovasiyalarla şəhərimizin gələcəyini birlikdə inşa etmək üçün komandanızı
formalaşdırın və tədbirə qatılın! Hakatonda iştirak üçün müraciət formasına buradakı linkə
toxunaraq keçid edə bilərsiniz. Foruma keçərək özünüzü, komandanızla birgə qeydiyyatdan
keçirin. Gələcəyi kənardan izləməyin, elə indi onun bir parçası olun!


qeydiyyat: https://docs.google.com/forms/d/1Z9kvx3qqhrk-gdFwNxsk3gyvZBC8yNt2JKSxWPuxjxk/preview?edit_requested=true

© copyright 2022 | tech.az | info@tech.az