Az | EN

3 aydır işləməyən Bakıkart tətbiqi nə vaxt işləyəcək?

Cəmil Hüseynzadə
25 Noyabr 2024 13:28
779 baxış
3 aydır işləməyən Bakıkart tətbiqi nə vaxt işləyəcək?

Bakıkart tətbiqi uzun müddətdir ki, işləmir. 2024-cü ilin 9 avqust tarixindən Bakıkart mobil tətbiqi və veb saytı fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuata (AYNA) açıqlamalarında problemin aradan qaldırılması üçün işlərin həyata keçirildiyini bildirsə də, 3 aydan çoxdur ki, problem aradan qaldırılmayıb. Bu da ağıllarda suallar yaradır. “Problem nədir?”“Niyə 3 aydır öz həllini tapa bilmir?”. Görünür məsələ daha ciddidir. 2023-cü ilin iyununda "BakıKart" mobil tətbiqi istifadəyə verilmişdi. 1 il sonra tətbiqdə nasazlığın yaranması və uzun müddət işləməməsi ciddi bir problemin olduğunu göstərir. 

Verilən açıqlamada qeyd edilir ki, istifadəçilər balansdakı ödəniş məbləğindən xidmət bərpa olunduqdan sonra istifadə edə biləcəklər. Həmçinin açıqlamada bildirilir ki, “Qeyd olunan nasazlıqları ən qısa zamanda aradan qaldırmağa çalışırıq. Bu müddət ərzində alternativ ödəniş üsullarından istifadə edə bilərsiniz.”. İstifadəçilər artıq ödəniş üçün alternativlərdən istifadə edirlər. M10 və bank kartları vasitəsi ilə ödənişləri həyata keçirirlər. 

Buna baxmayaraq istifadəçilər “BakıKart”ın istifadəçilər üçün ən böyük üstünlüyündən məhrumdurlar. Bu real vaxt rejimində avtobusların hərəkətini izləmək idi. İstifadəçilər buna görə marşrutlarını planlaya və hərəkət edə bilirdilər. 

AYNA tərəfdən mətbuatda açıqlanan daimi açıqlamalarda məsələ üzrə işlərin getdiyi bildirilib. Məsələ ilə bağlı ən son məlumat 23 oktyabr 2024-cü il tarixində keçirilən “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində verilib. Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov bildirib ki, Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək. Bu açıqlamadan da bir ay ötüb. 

Qeyd edək ki, "Bakı Kart"ın operatoru - "K Group" MMC-dir.  "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

© copyright 2022 | tech.az | info@tech.az