Azərbaycanda yeni startap studiyası — Parvaz fəaliyyətə başlayıb. Studiya məhsulun ilk versiyasını özü qurur, daha sonra həmin məhsulu idarə edəcək təsisçini taparaq startapın inkişafını ona həvalə edir.
Parvaz-ın yanaşmasına əsasən, startap qurmaq istəyən şəxslər ya ideyaya sahib olsalar da, onu həyata keçirəcək komandaya malik olmurlar, ya da şirkət idarə etmək istəyirlər, lakin sıfırdan məhsul qurmaq istəmirlər. Startap studiyası bu iki tərəfi bir araya gətirməyi hədəfləyir.
Studiya ideyanı seçdikdən və ya founder-dən dinlədikdən sonra məhsulun ilkin versiyasını — dizayn və kod hissəsini — hazırlayır. Daha sonra founder ilə şirkətdəki pay bölgüsü razılaşdırılır və məhsul mərhələli şəkildə founder-ə təhvil verilir. Founder zaman keçdikcə şirkətdə daha böyük pay əldə edir, Parvaz isə şirkətdə pay saxlayır.
Parvaz-a qoşulmaq üçün dörd əsas istiqamət təqdim olunur. Bunlara hazır venture-u founder kimi idarə etmək, öz ideyasını təqdim edərək onun ilkin versiyasını studiyaya hazırlatmaq, artıq məhsulu və ya ilk istifadəçiləri olan komandalar üçün startap proqramına qoşulmaq və co-founder axtaran şəxsləri uyğun mühəndis, product mütəxəssisi və operatorlarla tanış etmək daxildir.
Studiyanın komandaları Azərbaycanlı mühəndislər, product mütəxəssisləri və founder-lərdən ibarət texnoloji icmanın mentorları ilə də işləyirlər. Mentor dəstəyi məhsul, mühəndislik, artım və investisiya cəlbi istiqamətlərini əhatə edir.
Parvaz hazır startapların xarici bazarlara çıxışına da dəstək göstərir. Hazırda əsas istiqamətlər Mərkəzi Asiya və Yaxın Şərq bazarlarıdır. Komandalar üçün potensial partnyorlarla əlaqələrin qurulması, startap birjaları, hab proqramları və fondlarla tanışlıq imkanları yaradılır.
Startap studiyasının hazırkı layihələri arasında Komissio, Rawuser və PropCraft yer alır. Komissio Stripe üzərində işləyən SaaS-lar və Shopify mağazaları üçün affiliate proqramı, Rawuser AI ilə qurulmuş saytlar üçün fərdiləşdirmə həlli, PropCraft isə agentliklər üçün təklif proqramı təqdim edir. Komissio və PropCraft canlı, Rawuser isə pilot mərhələsindədir.
Parvaz-ın founder-ləri Aqşin Rəcəbov, Ayaz İbrahimov və Alastan Əsədzadədir. Startap studiyasına şirkət idarə etmək istəyən şəxslər, ideyası olanlar, artıq startapı olan komandalar və co-founder axtaranlar müraciət edə bilərlər.
Parvaz-ın əsas hədəfi Azərbaycanda və regionda daha çox şirkətin qurulmasını, ideyadan işlək məhsula və daha sonra yeni bazarlara çıxışa qədər olan prosesin qısaldılmasını təmin etməkdir.
Müraciətlər parv.az/apply vasitəsilə qəbul edilir.
