Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən Odyssey startapı, real vaxt rejimində interaktiv 3D dünyalar yaratmaq imkanı verən yeni süni intellekt modelini təqdim edib. Bu texnologiya istifadəçilərə video oyunlara bənzər şəkildə, klaviatura vasitəsilə müxtəlif mühitləri araşdırmaq imkanı verir. Sistem hər 40 millisaniyədə bir yeni video kadrı yaradaraq, istifadəçinin hərəkətinə uyğun olaraq ətraf mühiti dinamik şəkildə dəyişir.
Odyssey-nin təsisçiləri, avtonom nəqliyyat texnologiyaları sahəsində təcrübəli mütəxəssislər olan Oliver Cameron və Ceff Hawke-dır. Şirkət, real dünya mənzərələrini yüksək dəqiqliklə 3D formatında çəkmək üçün xüsusi bel çantası formasında kamera sistemindən istifadə edir . Bu yanaşma, Odyssey-nin modellərinin açıq mənbə məlumatlar əvəzinə, öz çəkdiyi materiallara əsaslanaraq təlim etdirilməsini təmin edir.
Şirkət, 2024-cü ilin dekabrında 27 milyon dollar investisiya cəlb edib. Sərmayəçilər arasında EQT Ventures, GV və Air Street Capital kimi nüfuzlu fondlar yer alır . Bundan əlavə, Pixar-ın həmtəsisçisi və keçmiş Disney Animation rəhbəri Ed Catmull da Odyssey-nin Direktorlar Şurasına qoşulub.
Hazırda təqdim olunan demo versiyada istifadəçilər meşəlik ərazilər, ticarət mərkəzləri və parkinq sahələri kimi müxtəlif mühitləri araşdıra bilirlər. Sistem, istifadəçinin hərəkətinə əsaslanaraq mühiti hər dəfə yenidən yaradır, bu da təcrübənin hər dəfə fərqli olmasını təmin edir.
Odyssey-nin bu texnologiyası, gələcəkdə interaktiv filmlər, oyunlar və təlim mühitləri yaratmaqda istifadə oluna bilər. Şirkət, bu sahədəki inkişafları sürətləndirmək və texnologiyanın keyfiyyətini artırmaq üçün tədqiqatlarını davam etdirir.