Az | EN

Apple “tam şüşə” iPhone dizaynının patentini alıb

Nigar Sultanli
18 Avqust 2025 13:34
64 baxış
Apple “tam şüşə” iPhone dizaynının patentini alıb

Apple-ın təqdim etdiyi patent yeni iPhone modellərinin dizaynı haqqında maraqlı məlumatlar təqdim edib. Patentə əsasən, telefonun həm ön, həm də arxa tərəfi tamamilə şüşədən hazırlanacaq ki, bu da cihazın daha müasir və estetik görünməsini təmin edəcək.

Patent göstərir ki, ön şüşə telefonun bütün künclərini əhatə edəcək və arxa şüşə ilə birləşəcək. Nəticədə cihaz “bir bütöv şüşə” kimi görünəcək və istifadəçi telefonun ön və arxa şüşəsinin sərhədini ayırd edə bilməyəcək. İstehsal çətinlikləri nəzərə alınaraq, bu dizayn bir neçə şüşə hissəsinin birləşdirilməsi ilə də reallaşa bilər.

Yeni iPhone-un küncləri isə sadəcə vizual məqsəd daşımır. Patentə görə, bu künclər əlavə funksiyalar üçün də istifadə oluna bilər, məsələn, səs, Wi-Fi və Uçuş rejimi düymələri ekranın kənarına yerləşdirilə bilər. Mikrofon və dinamiklər üçün xüsusi yerlər nəzərdə tutulub ki, onlar ekranın altında gizlənməsin və istifadə rahatlığı qorunsun.

Ekspertlər bildirirlər ki, bu yeni dizayn yalnız telefonun görünüşünü dəyişdirməyəcək, həm də ekranın bütün künclərindən daha rahat və interaktiv şəkildə istifadə imkanı yaradacaq.

Hələlik “tam şüşə” iPhone-un satış tarixi məlum deyil. İstifadəçilər isə 9 sentyabrda baş tutacaq iPhone 17 modelinin təqdimatını gözləyirlər.

© copyright 2022 | tech.az | info@tech.az