Az | EN

Amazon Hindistana əlavə 35 mlrd. dollar investisiya edəcək

Cəmil Hüseynzadə
10 Dekabr 2025 18:32
48 baxış
Amazon Hindistana əlavə 35 mlrd. dollar investisiya edəcək

Amazon açıqlayıb ki, 2030-a qədər Hindistana əlavə 35 milyard dollar investisiya yatıracaq. Bununla şirkətin ölkədəki ümumi planlaşdırılmış investisiya məbləği 75 milyard dollara yüksəlir. Nəhəng texnologiya şirkəti bu addımla həm pərakəndə, həm də bulud xidmətləri fəaliyyətini genişləndirir.

Şirkətin açıqlamasına görə, yeni investisiya Hindistandakı kiçik bizneslərin rəqəmsallaşdırılmasına və Amazon-un logistika, əməliyyat imkanlarının gücləndirilməsinə sərf olunacaq. Amazon 2030-a qədər 15 milyon kiçik biznes üçün İA (AI) texnologiyalarına çıxışı mümkün etməyi və ümumilikdə 1 milyon iş yeri (birbaşa, dolayı və mövsümi) yaratmağı hədəfləyir.

Keystone Strategy-nin İqtisadi Təsir Hesabatına istinadən Amazon bildirib ki, indiyədək Hindistana 40 milyard dollara yaxın sərmayə yatırıb. 2023-cü ildə şirkət 2030-a qədər əlavə 15 milyard dollar sərmayə qoyacağını demişdi və onun 12,7 milyard dolları Amazon Web Services üçün nəzərdə tutulmuşdu.

Amazon-un bu addımı Microsoft-un Hindistana 2029-a qədər 17,5 milyard dollar, Google-un isə oktyabr ayında 15 milyard dollar investisiya açıqlamasından sonra gəlib.

Hindistan böyük əhalisi, 1 milyarddan çox internet istifadəçisi və sürətlə artan inkişafçı bazası ilə böyük texnologiya şirkətləri üçün əsas bazara çevrilib. OpenAI, Anthropic və Perplexity kimi İA şirkətlərinin də ölkəyə marağı artır.

Amazon beynəlxalq mağazalar üzrə baş vitse-prezidenti Russell Grandinetti Nyu Dehlidə keçirilən “Smbhav” tədbirində deyib: “Burada baş verənləri diqqətlə izləyirik. Bu, qaçılmaz olaraq qlobal biznesimizi necə idarə edəcəyimizə təsir göstərəcək.”

Bununla belə, Amazon ölkədə Walmart-a məxsus Flipkart, Meesho, eləcə də Instamart, Blinkit və Zepto kimi sürətli ticarət platformalarından ciddi rəqabətlə üzləşir. Lakin 1,7 milyondan çox satıcı və geniş logistika şəbəkəsi şirkətə bazarda iri miqyas üstünlüyü qazandırır.

© copyright 2022 | tech.az | info@tech.az