Amazon peyk interneti sahəsində rəqabəti gücləndirmək məqsədilə Globalstar şirkətini təxminən 11,5 milyard dollara satın almaq üçün razılığa gəlib. Bu addım SpaceX-in Starlink xidmətinə qarşı rəqabəti artırmağa yönəlib.
Məlumata görə, Amazon bu satınalma ilə həm Project Kuiper layihəsini sürətləndirməyi, həm də mobil bağlantı və istehlakçı texnologiyaları bazarında mövqeyini gücləndirməyi planlaşdırır. Şirkət Globalstar-ın spektr hüquqlarını və texnoloji infrastrukturunu öz nəzarətinə götürəcək, eyni zamanda mövcud 24 peyki öz şəbəkəsinə əlavə edərək tutumunu artıracaq.
Hazırda Starlink minlərlə peykdən ibarət geniş şəbəkəyə malik olsa da, bu strateji alış Amazon-a rəqabətdə geri qalan mövqeyini gücləndirmək imkanı verəcək. Globalstar 2029-cu ilə qədər aşağı Yer orbitinə 3200 peyk yerləşdirməyi planlaşdırır və 2027-ci ilə qədər bu sayın yarısına çatmalıdır.
Şirkətin texnologiyası “Direct-to-Device” (D2D) adlanan sistemə əsaslanır. Bu texnologiya yerüstü baza stansiyalarına ehtiyac olmadan birbaşa mobil cihazlara qoşulmanı təmin edir və xüsusilə zəif siqnal olan ərazilərdə və fövqəladə hallarda mühüm rol oynayır.
Razılaşmaya əsasən, Globalstar səhmdarları hər səhm üçün 90 dollar və ya müəyyən nisbətdə Amazon səhmləri əldə edə biləcəklər. Xəbərin açıqlanmasından sonra Globalstar səhmləri 9%, Amazon səhmləri isə 2,5% bahalaşıb.
Bundan əlavə, Amazon Apple ilə də razılığa gəlib. Şirkət Apple-ın əvvəllər Globalstar-a yatırdığı investisiyanı nəzərə alaraq, iPhone və Apple Watch cihazlarında peyk üzərindən fövqəladə əlaqə xidmətlərini dəstəkləməyə davam edəcək. Satınalmanın 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.
