Microsoft-un Rusiyadakı bölməsi – “Microsoft Rus” MMC məhkəmə qərarı ilə rəsmi olaraq müflis elan edilib. Moskva Arbitraj Məhkəməsi şirkət barəsində müsabiqə icraatına başlanıldığını açıqlayıb. Bu qərar şirkətin maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi fonunda qəbul olunub.
Məlumata görə, müflisləşmə prosesi 2025-ci ilin sentyabrında “Microsoft Rus”un öz müraciəti əsasında başladılıb. Həmin dövrdə şirkətin Rusiya şirkətləri qarşısında ümumi borcu 1,5 milyard rubldan çox idi. Məhkəmənin qərarı ilə müsabiqə idarəçisi vəzifəsinə “Dostoyaniye” assosiasiyasından olan Andrey Solomonov təyin edilib.
Qeyd olunur ki, Microsoft hələ 2022-ci ilin mart ayında Rusiyada məhsul və xidmətlərinin satışını dayandırdığını açıqlamışdı. Buna baxmayaraq, yerli bölmə müəyyən müddət ərzində mövcud müştərilər üçün texniki dəstək göstərməyə davam edib.
Son dövrlərdə şirkətin Rusiyada cəmi bir müştərisi qalmışdı və həmin müştəri də 2025-ci ildə əməkdaşlığı dayandırıb. Şirkət nümayəndələri bildiriblər ki, kreditorlardan ən azı biri qarşısındakı borc tam şəkildə ödənilib.
Beləliklə, Microsoft-un Rusiyadakı fəaliyyəti faktiki olaraq tam başa çatıb və şirkət bazarı tərk edib.
