Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutur. Bunu AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov bu günkü mətbuat konfransında bildirib.
"Nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır. Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq",- Vüsal Xəlilov açıqlamasında bildirib.