Anthropic şirkəti bizneslər üçün nəzərdə tutulmuş “Claude Managed Agents” adlı yeni məhsulunu elan edib. Bu alət şirkətlərə süni intellekt agentlərini qurmaq, idarə etmək və geniş miqyasda tətbiq etmək üçün hazır infrastruktur təqdim edir.
Yeni sistem inkişaf etdiricilərə yalnız model deyil, həm də agentlərin işləməsi üçün lazım olan bütün texniki mühiti — alətlər, yaddaş sistemi və təhlükəsiz iş sahəsi (sandbox) verir. Bu agentlər buludda saatlarla avtonom işləyə, digər agentlərin fəaliyyətini izləyə və müxtəlif proqram alətlərinə çıxış əldə edə bilir.
Şirkət bildirir ki, əvvəllər bu cür sistemlərin qurulması üçün böyük mühəndis komandaları tələb olunurdu. İndi isə “Managed Agents” bu prosesi sadələşdirərək şirkətlərə resurslarını əsas məhsullarına yönəltməyə imkan verir.
Anthropic-in sözlərinə görə, şirkətin illik təkrarlanan gəliri artıq 30 milyard dolları keçib və bu artım əsasən Claude Platform vasitəsilə əldə olunub. Platforma inkişaf etdiricilərə API üzərindən AI modellərindən istifadə etməyə və öz iş mühitlərində agentlər tətbiq etməyə imkan yaradır.
Məhsulun təqdimatı zamanı Notion şirkəti yeni texnologiyanın real istifadəsini nümayiş etdirib. Demo zamanı AI agentin müştəri onboarding prosesində bir sıra tapşırıqları avtomatik şəkildə yerinə yetirdiyi göstərilib.
Anthropic bu addımla korporativ AI bazarında mövqeyini gücləndirməyə çalışır və bu istiqamətdə OpenAI kimi şirkətlərlə rəqabət aparır. Ekspertlər qeyd edir ki, bu cür həllər ənənəvi proqram təminatı bazarına təsir göstərə və bəzi SaaS modellərini risk altına sala bilər.
Bununla belə, analitiklər hesab edir ki, müəssisələrin tam şəkildə AI agentlərinə keçidi üçün hələ müəyyən vaxt tələb olunur.
