Az | EN

Anthropic kodları yoxlayan, düzəldən və təsdiqləyən Claude Ship-i təqdim edib

Cəmil Hüseynzadə
25 Noyabr 2026 11:03
26 baxış
Anthropic kodları yoxlayan, düzəldən və təsdiqləyən Claude Ship-i təqdim edib

Anthropic proqramçılara yalnız kod yazmaqda deyil, həm də onun istifadəyə hazır olub-olmadığını müəyyənləşdirməkdə kömək edən Claude Ship adlı süni intellekt agentləri paketini təqdim edib. Yeni alət dəsti gündəlik kod dəyişikliklərinin yoxlanılması, düzəldilməsi və təsdiqlənməsi proseslərini avtomatlaşdırmaq üçün nəzərdə tutulub.

Süni intellekt əsaslı kodlaşdırma alətləri artıq kod yoxlama funksiyaları təklif etsə də, Claude Ship-in əsas yeniliyi kod dəyişikliklərini avtomatik təsdiqləyə bilən agentdir. Bu agent təklif olunan dəyişiklikləri yoxlayır, problemləri müəyyənləşdirir və proqramlaşdırma komandasının müəyyən etdiyi qaydalara əsasən onları təsdiqləyə bilir.

Yeni məhsul süni intellekt agentlərinin böyük həcmdə kod yaratdığı, lakin həmin dəyişikliklərin istifadəyə verilməzdən əvvəl yoxlanılması və təsdiqlənməsi proseslərinin inkişaf tempindən geri qaldığı bir dövrdə təqdim olunub. Claude Ship bu mərhələdəki iş yükünü azaltmaq və təsdiq səlahiyyətinin bir hissəsini süni intellekt agentlərinə ötürmək məqsədi daşıyır.

Anthropic-in bloq yazısında bildirilir ki, əvvəllər hər kod dəyişikliyinin insan tərəfindən təsdiqlənməsi mümkün idi. Lakin indi bir çox proqramçı süni intellekt agentləri vasitəsilə işlədiyindən, kodun yazılmasından sonrakı mərhələlərin də eyni sürətlə həyata keçirilməsi zərurəti yaranıb. Şirkət Claude Code komandasının kodlarının böyük hissəsinin artıq Claude tərəfindən yazıldığını qeyd edir.

Beta versiyada təqdim olunan Claude Ship ilkin istifadəçilərə pull request (PR) sorğularını yoxlamaq və hansı dəyişikliklərin əsas kod bazasına birləşdirilməyə hazır olduğuna qərar vermək imkanı yaradır.

Paket üç komponentdən ibarətdir: artıq ümumi istifadəyə açıq olan Code Review və beta mərhələsindəki PR Steward və Claude Approvals agentləri.

PR Steward uğursuz CI yoxlamaları, birləşdirmə konfliktləri və Code Review tərəfindən aşkarlanan problemləri həll etməyə fokuslanır. Agent hər kod göndərişindən sonra etdiyi dəyişikliklər barədə şərh əlavə edir və lazım gəldikdə həmin dəyişikliklərin necə geri qaytarılacağını izah edir.

Claude Approvals isə komandanın kod deposuna fayl şəklində əlavə etdiyi təsdiq siyasətini tətbiq edir. Təbii dildə yazıla bilən bu siyasətlər Code Review nəticələri və şirkətin öz təsnifat sistemləri də daxil olmaqla müxtəlif siqnalları nəzərə ala bilir.

Xidmət hələ beta mərhələsində olduğundan Anthropic ilkin olaraq təsdiqləmə funksiyasının yalnız müşahidə rejimində işlədilməsini tövsiyə edir. Komandalar həmçinin prosesi daha yaxşı idarə etmək üçün əvvəlcə bir kod deposunda sınaq keçirə və aylıq xərc limitləri təyin edə bilərlər.

Şirkət bildirir ki, komandalar Claude Ship-in harada işləyəcəyinə, hansı yoxlama rejimindən — sürətli, standart və ya dərin — istifadə olunacağına, eləcə də hansı dəyişikliklərin insan tərəfindən qərar verilməsi üçün yönləndiriləcəyinə özləri nəzarət edəcəklər.

Claude Ship GitHub-dakı kod depoları üçün Claude Team və Enterprise planlarının istifadəçilərinə təqdim olunur. Code Review ümumi istifadəyə açıqdır, PR Steward və Claude Approvals isə beta mərhələsindədir.

© copyright 2022 | tech.az | info@tech.az