Az | EN

Anthropic komanda işini dəyişəcək yeni Sİ agentini təqdim etdi

Cəmil Hüseynzadə
24 İyun 2026 12:24
64 baxış
Anthropic komanda işini dəyişəcək yeni Sİ agentini təqdim etdi

ABŞ-ın süni intellekt şirkəti Anthropic üçüncü tərəf tətbiqlərində komanda əməkdaşlığını asanlaşdıran yeni Claude Tag agentini istifadəyə verib. Hazırda xidmət yalnız Slack platformasında əlçatandır.

Claude Tag şirkətin mövcud inteqrasiya həllərinin daha inkişaf etmiş versiyası hesab olunur. Anthropic gələcəkdə bu agenti digər tətbiqlərə də genişləndirməyi planlaşdırır.

Yeni süni intellekt köməkçisi kanallarda @Claude etiketi vasitəsilə çağırıla bilir və istifadəçilər ona müxtəlif tapşırıqlar həvalə edə bilirlər. Agent işlədiyi kanalın məlumatlarından, alətlərindən, qoşulmuş repozitoriyalardan, plaginlərdən və xüsusi təlimatlardan istifadə edərək tapşırıqları yerinə yetirir.

Claude Tag kanala tamhüquqlu iştirakçı kimi qoşulur. Hər kanal üçün ayrıca hesab yaratmaq mümkündür və bu hesablar bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərir. Məsələn, hüquq şöbəsinin kanalında işləyən agent mühəndislik kanalındakı məlumatlara çıxış əldə edə bilmir.

Tapşırıq qəbul etdikdən sonra Claude Tag işi kiçik mərhələlərə bölərək arxa planda ardıcıl şəkildə icra edir. Agentin əsas üstünlüklərindən biri çoxistifadəçili rejimi dəstəkləməsidir. Belə ki, eyni kanal daxilində bütün iştirakçılar agentin hansı işlə məşğul olduğunu görə və onunla qarşılıqlı əlaqəni davam etdirə bilirlər.

Sistem zamanla kanalın məlumatları əsasında kontekst toplayır və öyrənir. Bundan əlavə, digər kanallardan və mənbələrdən də məlumat cəlb edə bilir. “Ambient” funksiyası aktiv edildikdə isə agent təşəbbüs göstərərək vacib məlumatları önə çıxarır, həmçinin uzun müddət fəaliyyətsiz qalan tapşırıqları xatırladır.

Claude Tag hazırda Claude-un Team (istifadəçi başına aylıq 25 ABŞ dollarından başlayan qiymətlə) və Enterprise tarif planlarının müştəriləri üçün təqdim olunur.

© copyright 2022 | tech.az | info@tech.az