Az | EN

OpenAI ChatGPT-də reklam imkanlarını şirkətlərə təqdim edib

Cəmil Hüseynzadə
23 İyun 2026 17:18
30 baxış
OpenAI ChatGPT-də reklam imkanlarını şirkətlərə təqdim edib

OpenAI ilk dəfə beynəlxalq reklam və marketinq festivalı olan “Cannes Lions”da iştirak edərək ChatGPT platformasındakı reklam imkanlarını şirkətlər və agentliklərə təqdim edib. Financial Times-ın məlumatına görə, şirkət ChatGPT-də reklamı gələcəkdə milyardlarla dollar gəlir gətirəcək biznes istiqamətinə çevirməyi planlaşdırır.

OpenAI-nin reklam bölməsinə rəhbərlik edən, əvvəllər Meta-da çalışmış Deyv Duqan bildirib ki, şirkət reklam modelinin inkişafına tam sadiqdir və bu gəlirlər daha geniş auditoriyanın informasiya xidmətlərinə çıxışını dəstəkləyəcək.

Şirkət 2026-cı ilin fevralında ABŞ-da ChatGPT-də reklamları test etməyə başlayıb. Hazırda reklamlar yeddi ölkədə göstərilir və istifadəçilərə çat-botun cavablarından sonra “Sponsored” işarəsi ilə təqdim olunur. Reklamları yalnız pulsuz istifadəçilər və aylıq 8 dollarlıq Go tarifinin abunəçiləri görür.

OpenAI hesab edir ki, səyahət, pərakəndə satış, sağlamlıq, gözəllik və maliyyə xidmətləri sahələrinə aid reklamlar platformada daha effektiv nəticə göstərir. Şirkət investorlarına təqdim etdiyi proqnozda reklam biznesinin 2030-cu ilə qədər 100 milyard dollar həcmə çata biləcəyini bildirib. Bununla belə, bəzi sənaye nümayəndələri bu hədəfin reallaşacağına şübhə ilə yanaşırlar.

© copyright 2022 | tech.az | info@tech.az