Az | EN

Apple Siri üçün Google Gemini ilə əməkdaşlığa başladı

Cəmil Hüseynzadə
13 Yanvar 2026 15:47
46 baxış
Apple Siri üçün Google Gemini ilə əməkdaşlığa başladı

Apple və Alphabet arasında əldə olunan yeni razılaşmaya əsasən, Google-un Gemini süni intellekt modeli Siri-nin imkanlarını gücləndirəcək. Şirkətlər bildiriblər ki, bu modellər bu il təqdim olunacaq daha fərdiləşdirilmiş Siri də daxil olmaqla, gələcək Apple Intelligence funksiyalarının əsasını təşkil edəcək.

Birgə açıqlamada qeyd olunub ki, aparılan qiymətləndirmədən sonra Apple Google-un AI texnologiyasını Apple Foundation Models üçün ən güclü baza hesab edib və bu əməkdaşlığın istifadəçilər üçün yeni innovativ təcrübələr yaradacağına inanır. Xəbəri ilk olaraq CNBC yayıb.

Məlumatdan sonra Alphabet-in səhmləri 1%-ə qədər bahalaşıb və şirkətin bazar dəyəri ticarət zamanı qısa müddətə 4 trilyon dollara çatıb. Qeyd edək ki, Alphabet ötən həftə Apple-ı geridə qoyaraq Nvidia-dan sonra dünyanın ən dəyərli ikinci şirkəti olub.

Bu razılaşma ilə bağlı söz-söhbətlər ötən ildən dolaşırdı. Bloomberg-in noyabr hesabatına görə, Apple Gemini modelindən istifadə üçün illik 1 milyard dollar ödəməyi nəzərdən keçirirdi. Analitiklər sazişi Google üçün mühüm etimad göstəricisi, Apple üçün isə AI strategiyasını sürətləndirmək imkanı kimi dəyərləndirirlər.

Apple Siri-ni 2011-ci ildə təqdim etsə də, ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsindən sonra rəqiblərindən geri qalmağa başlayıb. Google üçün isə Siri ilə inteqrasiya ABŞ-da ən populyar mobil platformada əlavə üstünlük yaradır.

© copyright 2022 | tech.az | info@tech.az