Video platforması YouTube 2025-ci ildə gəlir baxımından bir sıra böyük media şirkətlərini geridə qoyub. Analitik şirkət MoffettNathanson-un araşdırmasına görə, platformanın reklam gəlirləri 40,4 milyard dollara çataraq Disney, NBC, Paramount və Warner Bros. şirkətlərinin ümumi reklam gəlirini (37,8 milyard dollar) ilk dəfə üstələyib.
Ümumilikdə YouTube-un 2025-ci ildəki gəliri təxminən 62 milyard dollar olub və bu rəqəm Disney-in media bölməsinin 60,9 milyard dollarlıq gəlirindən də çoxdur. Analitiklər platformanı “media bazarının yeni kralı” adlandırır və onun dəyərini 500–560 milyard dollar aralığında qiymətləndirirlər.
Ekspertlərin fikrincə, YouTube-un sürətli artımı platformanın qlobal video lideri mövqeyi və süni intellektə yatırımlarla bağlıdır. Bir çox kontent yaradıcısı artıq AI alətlərindən istifadə edərək istehsal xərclərini azaldır və daha çox məzmun hazırlayır. Eyni zamanda, ənənəvi televiziya auditoriyasının azalması və reklamverənlərin diqqətini daha çox YouTube-a yönəltməsi də platformanın gəlirlərini artırır.
