Apple yaddaş çiplərinin qlobal çatışmazlığı səbəbindən MacBook Air modellərinin tədarükündə ciddi problemlərlə üzləşib. Bu barədə Bloomberg-in jurnalisti Mark Qurman mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət anbarlardakı ehtiyatları saxlamaqda çətinlik çəkir və MacBook Air tədarükləri son illərin ən məhdud səviyyəsinə enib. Apple-ın rəsmi saytında da bəzi əsas konfiqurasiyalı MacBook Air modellərinin yalnız 2026-cı ilin avqustun sonu, bəzi versiyalarının isə sentyabr ayında göndəriləcəyi göstərilir.
Bildirilir ki, gecikmələrin əsas səbəbi yaddaş çiplərinin çatışmazlığıdır. Problemi aradan qaldırmaq üçün Apple, xüsusilə Çin bazarında satılan cihazlar üçün yerli təchizatçılardan yaddaş komponentləri almağı planlaşdırır.
Qeyd edək ki, şirkət iyun ayında bir sıra məhsullarının qiymətlərini də artırmışdı. MacBook Air-in başlanğıc qiyməti 1 099 dollardan 1 299 dollara, 14 düymlük MacBook Pro-nun qiyməti isə 1 699 dollardan 1 999 dollara yüksəlib.
