ABŞ-də fəaliyyət göstərən və 2022-ci ildə yaradılan süni intellekt bulud infrastrukturu şirkəti Together AI 1 iyul tarixində C seriyası investisiya mərhələsində 800 milyon ABŞ dolları cəlb etdiyini açıqlayıb. İnvestisiya raunduna Aramco Ventures rəhbərlik edib və bu mərhələdə şirkətin bazar dəyəri 8,3 milyard ABŞ dolları qiymətləndirilib.
Maliyyələşdirmə raundunda Vista Equity Partners, General Catalyst, Emergence Capital, Nvidia, March Capital, Pegatron və SentinelOne-ın S Ventures fondu da iştirak edib.
Together AI süni intellekt modellərinin işlədilməsi (inference), təkmilləşdirilməsi (fine-tuning), ilkin təlimi (pre-training), həmçinin qrafik prosessor (GPU) klasterləri üçün bulud infrastrukturu təqdim edir. Şirkət həm serverless, həm də xüsusi model xidmətləri təklif edir.
Bu investisiya Together AI-ın 2025-ci ilin fevralında 3,3 milyard dollar dəyərləndirmə ilə cəlb etdiyi 305 milyon dollarlıq B seriyası və 2023-cü ildə əldə etdiyi 102,5 milyon dollarlıq A seriyası investisiyalarından sonra baş tutub.
Şirkətin məlumatına görə, son rübdə illik sifarişlərinin həcmi 1,15 milyard ABŞ dollarını ötüb. Together AI hazırda Cursor, Cognition və Decagon da daxil olmaqla minlərlə ödənişli müştəriyə xidmət göstərir.
Mütəxəssislər hesab edirlər ki, Aramco Ventures-in bu investisiyaya rəhbərlik etməsi fondun süni intellekt sahəsində çiplər, hesablama infrastrukturu, model hazırlanması və AI tətbiqlərinə yönəlmiş uzunmüddətli investisiya strategiyasına uyğundur.
