Türkiyənin aparıcı məişət texnikası istehsalçılarından olan Arçelik, Arçelik Hitachi Home Appliances B.V. şirkətindəki 60 faiz payını digər tərəfdaş Hitachi Global Life Solutions-a satmaq üçün müqavilə imzaladığını açıqlayıb.
Şirkətin yaydığı məlumata görə, sövdələşmənin ümumi dəyəri ilkin mərhələdə 205 milyon dollar nağd ödəniş və bağlanışdan sonrakı üç il ərzində hissə-hissə ödəniləcək əlavə 56 milyon dollar təşkil edir. Bundan əlavə, bağlanış tarixində şirkətin mövcud pul vəsaitlərinin müəyyən hissəsi də yekun məbləğə əlavə olunacaq.
Bildirilib ki, Hitachi bu aktivləri gələcəkdə Nojima Corporation ilə yaradacağı strateji tərəfdaşlıq çərçivəsində yenidən strukturlaşdırmağı planlaşdırır. Razılaşmaya əsasən, Arçelik Hitachi şirkətinin idarəsi dolayısı ilə Nojima Corporation-un nəzarətinə keçəcək.
Satış tamamlandıqdan sonra şirkətə bağlı 12 törəmə müəssisə, eləcə də Çin və Tailanddakı istehsal və tədqiqat mərkəzləri də yeni struktura daxil ediləcək. Bununla yanaşı, tərəflər arasında mövcud olan birgə müəssisə razılaşması qüvvədən düşəcək.
