Az | EN

Yeni Apple CEO-su Con Ternus kimdir?

Cəmil Hüseynzadə
21 Aprel 2026 11:41
55 baxış
Yeni Apple CEO-su Con Ternus kimdir?

Apple şirkətində rəhbərlik dəyişikliyi ilə bağlı yeni mərhələ başlayır. Şirkətdə uzun illər mühüm vəzifələrdə çalışmış Con Ternus 1 sentyabr 2026-cı il tarixindən etibarən baş icraçı direktor (CEO) vəzifəsini icra edəcək. O, bu vəzifədə 2011-ci ildən Apple-a rəhbərlik edən Tim Cook-u əvəz edəcək.

Pensilvaniya Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə məzunu olan Con Ternus peşəkar fəaliyyətinə virtual reallıq sistemləri üzərində çalışan şirkətdə başlayıb. Daha sonra, 2001-ci ildə Apple-a qoşularaq məhsul dizayn komandasında fəaliyyətə başlayıb. Təxminən 25 illik karyerası ərzində o, şirkətin bir çox əsas məhsulunun hazırlanmasında və inkişafında yaxından iştirak edib.

Con Ternusun karyerasında mühüm dönüş nöqtələrindən biri 2013-cü ildə Donanım Mühəndisliyi üzrə vitse-prezident vəzifəsinə təyin olunması olub. Bu vəzifədə o, Apple-ın əsas cihazlarının mühəndislik strategiyasını formalaşdıran əsas şəxslərdən birinə çevrilib. 2021-ci ildən etibarən isə şirkətin icra heyətində yer alaraq birbaşa Tim Cook-a hesabat verməyə başlayıb.

Ternus, Apple tarixində ən vacib texnoloji keçidlərdən biri hesab olunan şirkətin öz prosessor arxitekturasına keçid – “Apple Silicon” layihəsinin əsas rəhbərlərindən biri kimi tanınır. Bu transformasiya nəticəsində Mac kompüterlərinin performansı əhəmiyyətli dərəcədə artıb və onların bazardakı mövqeyi daha da güclənib. Onun bu uğurlu fəaliyyəti Ternusun şirkətdə liderlik üçün əsas namizədlərdən birinə çevrilməsinə səbəb olub.

Bununla yanaşı, Con Ternus iPhone, iPad və AirPods kimi Apple-ın ən məşhur məhsul xətlərinin inkişafında da mühüm rol oynayıb. O, həmçinin məhsulların dayanıqlılığı və ekoloji davamlılıq prinsiplərinə xüsusi diqqət yetirən rəhbər kimi tanınır.

Son dövrlərdə Ternus iPhone 17 seriyası, yeni nəsil MacBook modelləri və işitmə sağlamlığı texnologiyaları ilə təchiz olunmuş AirPods layihələrinə rəhbərlik edib. 1 sentyabr 2026-cı ildən etibarən CEO vəzifəsinə başlaması ilə o, Apple-ın gələcək texnoloji vizyonunu və strateji istiqamətlərini müəyyən edən əsas fiqura çevriləcək.

© copyright 2022 | tech.az | info@tech.az