Az | EN

ARM və Malayziya arasında 250 milyon dollarlıq çip sazişi imzaladı

Nigar Sultanli
Arm
06 Mart 2025 09:31
203 baxış
ARM və Malayziya arasında 250 milyon dollarlıq çip sazişi imzaladı

Son illərdə Malayziya yarımkeçirici sənayesində strateji mərkəzə çevrilməkdədir. ABŞ və Çin arasındakı texnoloji gərginlik fonunda qlobal çip istehsalçıları istehsal mənbələrini diversifikasiya etməyə çalışırlar. Bu kontekstdə SoftBank tərəfindən dəstəklənən ARM Holdings Malayziya hökuməti ilə yeni əməkdaşlığa başlayır.

ARM şirkəti Malayziya hökuməti ilə çip dizayn ekosistemini gücləndirmək məqsədilə razılaşma imzaladığını elan edib. Reuters-in məlumatına görə, bu saziş çərçivəsində Malayziya hökuməti 10 il ərzində ARM-dən 250 milyon dollarlıq çip dizaynları və texnologiyalar əldə edəcək. Malayziyanın İqtisadiyyat naziri Rafizi Ramli bildirib ki, saziş çərçivəsində ölkə ARM-in yeddi çip dizayn modelinin lisenziyasını alacaq.

Bundan əlavə, ARM Malayziyada 10,000 mühəndisin çip dizaynı və istehsalı sahəsində hazırlanmasına dəstək verəcək. Bununla bağlı şirkət əlavə açıqlama verməsə də, Malayziya hökumətindən də rəsmi şərh almaq mümkün olmayıb.

Malayziyanın çip sənayesində yüksəlişi

Malayziya hökuməti çip istehsalında qlobal liderlərdən birinə çevrilmək üçün bir sıra mühüm addımlar atır. Ölkə 2024-cü ilin əvvəlində süni intellekt və məlumat mərkəzləri üçün öz qrafik prosessorlarını (GPU) istehsal etməyi planlaşdırdığını açıqlamışdı.

Hökumət 2023-cü ildə "Milli Yarımkeçirici Strategiyası" (NSS) çərçivəsində ən azı 5,3 milyard dollar maliyyə dəstəyi ayırdığını və 60,000 mühəndisin təlim alacağını elan etmişdi. Bu strategiyanın əsas məqsədi ölkənin çip istehsal infrastrukturunu inkişaf etdirmək, qabaqcıl çip istehsal zənciri qurmaq və dünyanın aparıcı texnologiya şirkətlərini ölkəyə cəlb etməkdir.

Malayziya artıq çip sənayesində 50 ildən artıq təcrübəyə malikdir və dünyanın çip test, montaj və qablaşdırma xidmətlərinin təxminən 13%-ni təmin edir.

Intel 1972-ci ildə Malayziyanın Penang şəhərində ilk xarici istehsal fabrikini açmış və 16 milyon dollar sərmayə qoymuşdu. 2021-ci ildə isə 7 milyard dollarlıq yeni çip yığma və test zavodu quracağını elan edib. GlobalFoundries və Neways kimi digər iri çip istehsalçıları da Malayziyadakı zavodlarını genişləndirməkdədir. Google, Microsoft və Nvidia kimi texnologiya nəhəngləri isə 2023-cü ildən bəri Malayziyaya milyardlarla dollar investisiya yatırdıqlarını açıqlayıblar. Bu cür böyük layihələr Malayziyanın qabaqcıl yarımkeçirici istehsalı sahəsində qlobal mərkəzə çevrilmək niyyətini təsdiqləyir.

© copyright 2022 | tech.az | info@tech.az