Almaniyanın Berlin Eyaləti Məlumatların Qorunması və Azadlığı Komissarlığı, Çin mənşəli süni intellekt tətbiqi DeepSeek-in istifadəçilərin şəxsi məlumatlarını qanunsuz şəkildə Çinə göndərdiyini və Avropa Birliyinin məlumatların qorunması qaydalarını pozduğunu açıqlayıb. Buna görə də Almaniya rəsmiləri Apple və Google şirkətlərinə müraciət edərək, DeepSeek tətbiqinin App Store və Google Play Store-dan silinməsini tələb edib.
Komissarlıq bildirib ki, DeepSeek şirkəti istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etdiyini sübut edə bilməyib. Eyni zamanda, Çin hakimiyyətinin Çinli şirkətlərin şəxsi məlumatlara geniş çıxış haqqı olduğu və bu səbəbdən Avropa vətəndaşlarının gizlilik hüquqlarının təhlükədə olduğu vurğulanıb.
Almaniya rəsmiləri DeepSeek-dən Avropa Birliyindən kənara məlumat göndərməklə bağlı qanuni tələblərə əməl etməsini, yoxsa tətbiqin Almaniya bazarından çıxarılmasını tələb edib. Lakin şirkət bu tələblərə cavab verməyib.
Qeyd edək ki, DeepSeek tətbiqi əvvəllər də İtaliyada oxşar səbəblərdən qadağan olunmuş və orada da App Store və Google Play-dən çıxarılmışdı.
Avropada istifadəçi hüquqlarını qoruyan təşkilatlar DeepSeek tətbiqinin həm Çin tərəfindən hazırlanıb, həm də Çin serverlərindən idarə edildiyini bildirir. Tətbiqin gizlilik qaydalarına görə, istifadəçi məlumatları Çin serverlərində saxlanılır və işlənir ki, bu da istifadəçi məlumatlarının təhlükəsizliyi üçün narahatlıq yaradır.
Apple və Google mövzu ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Bu vəziyyət göstərir ki, Avropa ölkələri rəqəmsal tətbiqlərin istifadəçi məlumatlarının qorunması məsələsində çox ciddi yanaşır və beynəlxalq texnologiya şirkətlərindən bu tələblərə əməl etməyi gözləyir.