Microsoft-un oyun dünyasındakı ən əhəmiyyətli şirkətlərdən biri olan Activision Blizzard-ı 68,7 milyard dollara almaq istədiyini sizə bildirmişdik.
Alqı-satqı qərarından sonra ABŞ Federal Ticarət Komissiyası (FTC) Microsoft və Activision Blizzard arasında planlaşdırılan satınalma müqaviləsini monopoliya yaranması ehtimalına görə nəzərdən keçirəcəyini açıqlamışdı. Keçən aprel ayında isə Böyük Britaniya Activision Blizzard-ı satın almaq üçün Microsoft-a icazə vermədiyini bildirmişdi.
Son xəbərlərə görə, Avropa İttifaqından Activision Blizzard-ın Microsoft tərəfindın alınması ilə bağlı müsbət xəbər gəlib. Avropa İttifaqının idarəedici qolu olan Avropa Komissiyası Activision Blizzard-ın satın alınmasını araşdırıldığını və əməliyyata icazə verildiyini açıqlayıb.
Qeyd edək ki, monopoliyanın yaranacaq olması ilə bağlı şübhələrin əsas səbəbi Activision Blizzard Microsoft-a keçdikdən sonra hazırlanan oyunların başqa platformalara gəlib-gəlməyəcəyi ilə bağlı qeyri-müəyyənlikdir.
Xatırladaq ki, oyun dünyasının ən önəmli şirkətlərindən biri olan Activision Blizzard World of Warcraft, Call of Duty, Candy Crush, Diablo, Hearthstone və Overwatch kimi mühüm oyunların yaradıcısıdır.