Az | EN

Avropa Parlamenti Google-dan imtina edir

Cəmil Hüseynzadə
04 İyun 2026 16:11
56 baxış
Avropa Parlamenti Google-dan imtina edir

Avropa Parlamenti məxfiliklə bağlı narahatlıqlara görə Google axtarış sistemindən imtina edərək Fransanın Qwant platformasına keçid edir.

POLITICO nəşrinin əldə etdiyi daxili sənədə əsasən, iyunun 4-dən etibarən Avropa Parlamentinin kompüterlərində standart axtarış sistemi kimi Google-u Qwant əvəz edəcək. Qərarın Parlamentin rəqəmsal suverenlik və istifadəçilərin şəxsi məlumatlarının qorunması siyasətinə uyğun olaraq qəbul edildiyi bildirilir.

Qwant istifadəçiləri izləməyən və şəxsi məlumatları toplamayan Avropa mənşəli axtarış sistemi kimi təqdim olunur. Firefox və Edge brauzerlərində ünvan sətrindən edilən axtarışlar avtomatik olaraq Qwant üzərindən həyata keçiriləcək. Bununla belə, deputatlar istədikləri halda digər axtarış sistemlərindən istifadə edə və standart ayarları dəyişə biləcəklər.

Qərar Avropa İttifaqının xarici texnologiya şirkətlərindən asılılığı azaltmaq və yerli alternativləri gücləndirmək istiqamətində atdığı addımlar fonunda qəbul edilib. Ötən ilin noyabrında 38 deputatdan ibarət qrup Parlament rəhbərliyinə müraciət edərək Microsoft və digər xarici texnologiyalardan mərhələli şəkildə imtina edilməsini təklif etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az