Az | EN

Avstraliyada Tesla Megapack əsasında nəhəng enerji saxlama sistemi istifadəyə verilib

Cəmil Hüseynzadə
06 Noyabr 2026 12:09
17 baxış
Avstraliyada Tesla Megapack əsasında nəhəng enerji saxlama sistemi istifadəyə verilib

Avstraliya Paytaxt Ərazisində (ACT) indiyədək yaradılmış ən böyük elektrik enerjisi saxlama sistemi istifadəyə verilib. Kanberranın cənubunda, Taqgeranong rayonunun yaxınlığındakı Uilyamsdeyl ərazisində yerləşən kompleks ümumi gücü 250 MVt olan 136 ədəd Tesla Megapack 2 batareya blokundan ibarətdir. Sistem pik istehlak zamanı iki saat ərzində şəhərin təxminən üçdə birini elektrik enerjisi ilə təmin edə bilər.

Enerji saxlama sistemi ümumi elektrik şəbəkəsinə qoşulub. Tələbatın aşağı olduğu vaxtlarda artıq elektrik enerjisini toplayır, yükün artdığı dövrlərdə isə həmin enerjini yenidən şəbəkəyə ötürür. Layihənin hazırlanması, tikintisi və istismarı özəl Eku Energy şirkəti tərəfindən həyata keçirilib. Sistemin istifadəyə verilməsi təxminən bir il gecikib. İlkin plana əsasən, kompleksin 2025-ci ildə tamamlanması nəzərdə tutulsa da, sonradan bu tarix 2026-cı ilin əvvəlinə keçirilib.

Layihənin istismarı ilə bağlı razılaşmaya əsasən, ACT hökuməti 15 il ərzində Eku Energy şirkətinə 368 milyon Avstraliya dolları ödəyəcək. Bunun qarşılığında regional hökumət toplanmış elektrik enerjisinin satışından əldə edilən xalis gəlirin 50 faizini alacaq.

ACT hökumətinin rəhbəri Endryu Barr layihədən əldə olunacaq gəlirin dövlət dəstəyinə çəkilən xərcləri üstələyəcəyini və nəticədə sistemin region üçün gəlirli olacağını gözləyir.

Enerji saxlama kompleksi yaşayış evləri, biznes müəssisələri, xəstəxanalar, universitetlər və məlumat mərkəzləri üçün əlavə enerji infrastrukturu təmin etməlidir.

© copyright 2022 | tech.az | info@tech.az