Beşillik müqavilə Çin şirkətinə Oracle-ın Cənub-Şərqi Asiyadakı məlumat mərkəzlərində yerləşdirilən 100 min qabaqcıl sürətləndiriciyə çıxış imkanı verməli idi.
Oracle ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqindən sonra Tencent ilə süni intellekt üçün hesablama güclərinin icarəsinə dair milyardlarla dollarlıq müqaviləni ləğv edib. Financial Times bu barədə məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri birbaşa Oracle nümayəndələri ilə əlaqə saxlayaraq sövdələşmə ilə bağlı narahatlıqlarını bildiriblər.
Eyni zamanda, Tencent Çin hökumətinin də təzyiqi ilə üzləşib. Financial Times-ın məlumatına əsasən, şirkətin yerləşdiyi Quandon əyalətinin rəhbərliyinin nümayəndələri Tencent-in ofislərinə baş çəkərək yerli çip istehsalçılarına dəstək göstərməsini istəyiblər.
Financial Times bu müqavilə barədə təxminən bir ay əvvəl məlumat vermişdi. Dəyəri təxminən 7 milyard dollar olan razılaşma Tencent-in xaricdə hesablama güclərinin icarəsi üzrə ən böyük müqaviləsi olmalı idi.
Beşillik saziş Oracle-ın Cənub-Şərqi Asiyadakı bir neçə məlumat mərkəzində təxminən 100 min qabaqcıl süni intellekt sürətləndiricisinin yerləşdirilməsini nəzərdə tuturdu. Bu çiplər ABŞ-ın ixrac məhdudiyyətləri və Pekinin öz məhdudiyyətləri səbəbindən Çin bazarında əlçatan deyil.
Reuters müqavilənin ləğv edilməsi barədə məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Oracle, Tencent və Ağ Ev agentliyin şərh sorğularına cavab verməyib.
