Silikon Vadisinin uğurlu vençur kapital şirkətlərindən biri olan Felicis, təsis edilməsinin 19-cu ildönümündə 900 milyon dollar dəyərində yeni bir fond – Fund X – elan edib. Bu, Felicis-in bu günə qədər yaratdığı ən böyük investisiya fondu hesab olunur. Şirkətin qurucusu və idarəedici tərəfdaşı, tanınmış türk-amerikalı investor Aydın Şenkutdur.
Felicis, əsasən tohum və Series A mərhələsində olan, innovativ modelə, yüksək böyümə potensialına və qlobal bazar ambisiyalarına malik startaplara yatırım edir. Bu zamana qədər Ayden, Bonobos, Ring, Shopify və Twitch kimi nəhəng şirkətlərə erkən mərhələdə sərmayə yatıraraq 50-dən çox unicorn və 125-dən çox exit-ə imza atıb. 2023-cü ildə elan edilmiş 825 milyon dollarlıq Fund IX-dan sonra, Fund X şirkətin süni intellekt texnologiyalarına daha güclü fokuslandığını göstərir.
Şirkətin son illərdəki fəaliyyət istiqaməti süni intellektə yönəlmiş startaplara dəstəyi artırmaq olub. Felicis-in investisiya portfelində yer alan startapların təxminən 70 faizi özlərini "AI-native", yəni süni intellekt əsaslı texnologiyaları əsas baza kimi qəbul edən şirkətlər kimi tanıtdırır. Browser Use, Poolside, Runway və Supabase kimi qabaqcıl AI təşəbbüsləri də bu siyahıya daxildir.
Felicis-in rəsmi açıqlamasında qeyd olunur ki, qarşıdakı on il ərzində yalnız 1 və ya 10 milyard dollarlıq deyil, onlarla 100 milyard dollarlıq süni intellekt şirkətinin meydana çıxacağına inanırlar. Şirkət bu vizyonu reallığa çevirmək üçün süni intellekt, texnologiya infrastrukturu, sağlamlıq və kibertəhlükəsizlik kimi sahələrdə sərmayələrini genişləndirməyə davam edir.
Aydın Şenkutun liderliyi ilə Felicis, təkcə maliyyə dəstəyi ilə deyil, həm də qurucularla uzunmüddətli etimad münasibətləri qurmaq və onları strateji şəkildə dəstəkləməklə fərqlənən bir investor profili ortaya qoyur. Bu yeni fond, Felicis-in süni intellekt dövründə daha güclü mövqe tutmaq niyyətinin açıq göstəricisidir.