Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.
2023-cü il ərzində Azərbaycan Respublikasında kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) reytinq cədvəlində Azərbaycan Respublikasının mövqeyinin 36 pillə qalxaraq 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunmuşdu.
Keçən ilin sentyabr ayından etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə kriteriyalarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib. AKTA-nın tədqiqat komandası tərəfindən yeni indikatorlar üzrə də araşdırma aparılıb və kibertəhlükəsizliyin təmin olunması sahəsində ölkədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar sistemləşdirilərək nəzərə alınması üçün təqdim edilib.
Beləliklə, yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb. Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.
Məlumat üçün qeyd olunmalıdır ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Ölkəmizin adıçəkilən beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:
1. Ümumi siyahı: https://ncsi.ega.ee/
2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/