Az | EN

Azərbaycan süni intellekt və məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

Cəmil Hüseynzadə
21 Yanvar 2026 12:54
45 baxış
Azərbaycan süni intellekt və məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı aktivlərin idarə olunması şirkətlərindən biri olan BlackRockun baş icraçı direktoru Larri Fink və şirkətin tərkibinə daxil olan Global Infrastructure Partners (GIP)-in rəhbəri Adebayo Oqunlesi ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə BlackRock arasında mövcud əməkdaşlığın perspektivləri ilə yanaşı, Azərbaycanda süni intellekt və regional bulud xidmətlərinə xidmət edəcək məlumat mərkəzlərinə investisiya imkanları xüsusi diqqət mərkəzində olub. Tərəflər ölkənin artan rəqəmsal və AI tələbatını qarşılayacaq müasir infrastruktur layihələrinin potensialını müzakirə ediblər.

Prezidentin Davosa səfəri çərçivəsində ARDNF, BlackRock və GIP arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədə əsasən, növbəti 3–4 il ərzində 1,5 milyard ABŞ dollarınadək vəsaitin GIP tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya layihələrinə yönəldilməsi imkanları nəzərdən keçiriləcək.

Əməkdaşlıq çərçivəsində süni intellekt, məlumat mərkəzləri, bulud infrastrukturu və hava limanı sahəsində GIP-in beynəlxalq idarəetmə təcrübəsindən istifadə imkanları araşdırılacaq. Bu addım Azərbaycanın AI və yüksək texnologiyalar üzrə regional mərkəzə çevrilməsi hədəfinə xidmət edir.

Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi keçirilib.

© copyright 2022 | tech.az | info@tech.az