Son iki ildə Türkiyə startap ekosistemində diqqət çəkən tendensiyalardan biri yerli sahibkarlar əvəzinə xaricdə yaşayan və biznesini başqa ölkədə quran türk təsisçilərə yönələn investisiya marağıdır. Türk investisiya şirkətləri getdikcə daha çox “Diaspora Founder” adlandırılan bu sahibkarları hədəfləyirlər.
İnvestorların istifadə etdiyi strategiyalardan biri də ABŞ-ın ən nüfuzlu startap akseleratorlarından olan Y Combinator-a (YC) qəbul edilmiş layihələri seçməkdir. YC-yə qəbul olunan startapların investisiya cəlb etmək imkanlarının xeyli yüksək olduğu bildirilir.
Son dövrlərdə keçirilən görüşlərdə və toplantılarda bu mövzunun daha çox müzakirə olunduğu müşahidə edilir. Türkiyədəki startapların təsisçiləri hələ böyük maliyyə resurslarına və uzunmüddətli iş təcrübəsinə malik olmadıqlarından beynəlxalq bazarlarda etibarlılıq qazanmaqda çətinlik çəkə bilirlər.
Bundan əlavə, Avropa, Böyük Britaniya və ABŞ bazarlarına çıxmaq istəyən sahibkarlar viza və yaşayış icazəsi prosedurları ilə üzləşirlər. Bu proseslər həm vaxt aparır, həm də tez-tez imtina ilə nəticələnir. Xaricdə keçirilən görüşlərdə və tədbirlərdə fiziki iştirak edə bilməyən texnologiya startapları həmin bazarlarda məhsul satmaq və etibar yaratmaq imkanlarını itirirlər. Başqa sözlə, yerli bazarda mövcud olmadan qlobal bazarda möhkəmlənmək çətinləşir.
Xarici ölkələrdə yaşayan türk sahibkarlar isə bu maneələrlə daha az qarşılaşırlar. Onların yaşayış hüququ, dil biliyi və yerli biznes mədəniyyətinə uyğunlaşması beynəlxalq bazarlarda fəaliyyətə daha əlverişli şərait yaradır. İnvestorlar üçün də bu model yerli sahibkarın xaricə açılarkən üzləşdiyi adaptasiya, köç və vaxt xərcləri ilə bağlı riskləri azaldır. Nəticədə, investisiya kapitalının diqqəti diaspora təsisçilərinə yönəlir.
Ötən həftə DEİK və Endeavor tərəfindən təşkil olunan “Go Global”, eləcə də Nexrone Global-ın keçirdiyi “Local to Global” tədbirləri qlobal bazarlara çıxışın əhəmiyyətini bir daha gündəmə gətirib. DEİK və Endeavor xarici investorları diqqət mərkəzinə alan yanaşma təqdim edib. Nexrone Global isə Bilişim Vadisinin ev sahibliyi və Golden Bridge Partners ilə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi və bazarlara inteqrasiyaya fokuslanıb.
Bu tədbirlər Türkiyədə sənaye müəssisələrinin, kiçik və orta bizneslərin, eləcə də startapların xarici bazarlara çıxmaq istəyinin artdığını göstərir. Görüşlərdə avropalı investorlar və Avropa bazarının nümayəndələri şirkət qurmaq prosedurları, ölkələrin təqdim etdiyi imkanlar, beynəlxalq hüquq və vergitutma məsələləri barədə məlumat veriblər.
Məqalədə qeyd olunur ki, Türkiyədə uzun müddət üstünlük təşkil edən “85 milyonluq daxili bazar bizə kifayətdir” yanaşması artıq aktuallığını itirir. Qlobal böhranların və iqtisadi çətinliklərin yaşandığı bir dövrdə yalnız daxili bazara güvənmək kifayət etmir. Şirkətlərin yeni ölkələrə, fərqli bazarlara və innovativ məhsullara ehtiyacı var.
Müəllif beynəlxalq rəqabətin səviyyəsinin artmasına nümunə olaraq Çini göstərir: ölkədə bəzi istehsalçılar sifarişləri gəmi ilə göndərdikdən sonra məhsulun istehsalını yolda davam etdirərək daha sürətli və fasiləsiz xidmət göstərə bilirlər. Bu şəraitdə rəqabət qabiliyyətini qorumaq üçün güclü infrastruktur, yeni strategiyalar və dayanıqlı gəlir mənbələri yaratmaq vacibdir. Artıq “yolda öyrənərik” yanaşması ilə qlobal bazarda uğur qazanmaq çətinləşib.
Bununla belə, müəllif ixtisaslı kadrların xaricə köçünü yalnız itki kimi qiymətləndirmir. Onun fikrincə, son illərdə baş verən beyin axını qlobal bazarda Türkiyə üçün böyük “İstedad körpüsü” yarada bilər. Xaricdə təcrübə qazanan mütəxəssislər və sahibkarlar ölkənin beynəlxalq bazarlardakı strateji nümayəndələrinə çevrilə bilərlər.
Müəllif hesab edir ki, bu “İstedad körpüsü” gələcəkdə Türkiyənin beynəlxalq əlaqələrini və ticarət şəbəkəsini daha da gücləndirəcək. Beləliklə, bu prosesin əsas qazananları yalnız diaspora sahibkarlarına investisiya yatıran vençur kapitalı fondları deyil, həmin əlaqələr vasitəsilə qlobal iqtisadiyyata inteqrasiya edən Türkiyə iqtisadiyyatı da olacaq.
Ersoy Soyer | CNN Türk
