Az | EN

Azərbaycanda 548 sayt təhlükəsizlik səbəbindən bloklanıb

Cəmil Hüseynzadə
15 Yanvar 2026 12:35
42 baxış
Azərbaycanda 548 sayt təhlükəsizlik səbəbindən bloklanıb

Azərbaycanda fişinq və digər kibercinayətkarlıq məqsədli 548 internet saytına giriş məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, aparılan monitorinqlər nəticəsində müxtəlif dövlət qurumlarının və tanınmış platformaların adından istifadə etməklə yaradılmış saxta domenlər və URL-lər aşkar edilib. Həmin saytlar vətəndaşları aldatmaq, onların şəxsi məlumatlarını, istifadəçi hesablarını və bank kartı məlumatlarını ələ keçirmək məqsədi daşıyıb.

Aşkar edilən fişinq və kibercinayətkarlıq resursları müvafiq qurumlarla birgə görülən tədbirlər nəticəsində ölkə üzrə bloklanıb. Eyni zamanda, sözügedən saxta domenlər Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin “Blacklist.gov.az” platformasında yerləşdirilərək ictimaiyyətə təqdim olunub.

Mərkəz vətəndaşlara xəbərdarlıq edərək şübhəli keçidlərə daxil olmamağı, naməlum mənbələrdən göndərilən linklərə klik etməməyi və qarşılaşdıqları saxta saytlar barədə Blacklist.gov.az platforması üzərindən məlumat verməyi tövsiyə edib.

© copyright 2022 | tech.az | info@tech.az