Az | EN

Azərbaycanda fəaliyyətini dayandıran startap 45 milyon dollar investisiya alıb

Nigar Sultanli
26 Noyabr 2025 15:23
67 baxış
Azərbaycanda fəaliyyətini dayandıran startap 45 milyon dollar investisiya alıb

Türkiyənin yenilənmiş elektronika bazarından olan "EasyCep" startapı növbəti investisiya raundunda 45 milyon dollar investisiya alıb. "Oleka Capital", "RePie Portföy" və "Ziraat Portföy" kimi VC-lərin dəstəyi ilə əldə edilən bu vəsait, startapın son illərdəki sürətli yüksəlişini daha da gücləndirəcək. Qeyd edək ki, 2021-2024-cü illər ərzində gəlirlərini 15 dəfə artıran startap, buna qədər 2022-ci ildə 11 milyon dollar və 2023-cü ildə "Fibabanka"dan əlavə investisiyalar almışdı.

Startapın əsas iş prinsipi ikinci əl cihazları sadəcə alıb-satmaq deyil, onları texniki cəhətdən yeniləyərək zəmanətlə təklif etməkdir. İstifadəçilərə 12 aylıq rəsmi zəmanət və hissəli ödəniş imkanları yaradılır. Hazırda Türkiyə üzrə 300-dən çox fiziki nöqtədə fəaliyyət göstərən startap aldığı yeni yatırımla məhsul çeşidini kəskin artırmağı hədəfləyir. Artıq diqqət mərkəzində yalnız mobil telefonlar deyil, həm də planşetlər, kompüterlər, oyun konsolları və ağıllı ev avadanlıqları olacaq.

Startap Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bazarlarında da aktivdir və bu yaxınlarda "Xiaomi" ilə strateji əməkdaşlığa başlayıb. Startapın baş direktoru Mehmet Akif Özdemir bildirir ki, yeni mərhələdə əsas məqsəd "EasyCep Express" şəbəkəsini böyütmək, müştəri məmnuniyyətini artırmaq və bazardakı qeyri-rəsmi satışların qarşısını alaraq rəsmi və ekoloji təmiz bir ekosistem qurmaqdır. Bu yanaşma həm texnologiyanı əlçatan edir, həm də elektron tullantıların azalmasına kömək edir.

Diqqət çəkən məqamlardan biri EasyCep-in Azərbaycan bazarına daxil olub, daha sonra fəaliyyəti dayandırmasıdır. Startap yerli bazarda qısa müddət fəaliyyət göstərsə də, logistika xərcləri, sertifikatlaşdırma prosedurları və yenilənmiş cihazlara olan tələbin gözlənildiyi qədər stabil olmaması səbəbilə əməliyyatları optimallaşdırmaq qərarına gəlib. “Easycep Azərbaycan” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 703 343 manatı olub. Cari ilin noyabr ayında isə fəaliyyətini dayandırdığını açıqlayıb.

 

© copyright 2022 | tech.az | info@tech.az