Telegram-da hədiyyə bazarı 2025-ci ildə sürətlə böyüyərək təxminən 300 milyon dollarlıq ticarət dövriyyəsinə çatıb. Cəmi 11 ay ərzində formalaşan bu rəqəm, həm Telegram daxilindəki, həm də TON blokçeynindəki kənar marketpleyslərdə baş tutan əməliyyatları əhatə edir. Hazırda bu bazarın ümumi kapitalizasiyası 128 milyon dollar olaraq qiymətləndirilir və 2 milyondan çox istifadəçi ümumilikdə 9 milyona yaxın rəqəmsal hədiyyəyə sahibdir.
Bazarın ən diqqətçəkən məqamı bəzi kolleksiyaların dəyərinin kəskin artmasıdır. Məsələn, 2024-cü ilin dekabrında cəmi 30 dollardan satışa çıxarılan "Plush Pepe" hədiyyələri, bir il sonra təkrar bazarda minimum 9700 dollara təklif olunur. Hətta bu kolleksiyadan bəzi nadir nümunələrin qiyməti 200.000 dollara qədər yüksəlib. Oxşar şəkildə, ilkin qiyməti 15 dollar olan "Durov's Cap" kolleksiyası da dəyər qazanaraq 1420 dollara çatıb.
Bu tendensiya göstərir ki, Telegram-da unikal rəqəmsal iqtisadiyyat formalaşıb. 2025-ci ilin yanvarında hədiyyələrin TON blokçeyninə tam inteqrasiya edilməsi istifadəçilərə öz aktivlərini sərbəst şəkildə idarə etmək və satmaq imkanı verib. Artıq bu hədiyyələr sadəcə profil bəzəyi və ya emosiya ifadəsi deyil, həm də istifadəçinin statusunu göstərən ciddi bir rəqəmsal aktiv və investisiya vasitəsinə çevrilib.
