Google və vençur kapitalı fondu Accel Hindistandakı erkən mərhələ süni intellekt startaplarını aşkar etmək və dəstəkləmək məqsədilə strateji əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq Google-un bu il təsis etdiyi "AI Futures Fund" fondu çərçivəsində həyata keçirilən ilk belə təşəbbüsdür.
Razılaşmaya əsasən, tərəflər seçilən hər bir startapa ümumilikdə 2 milyon dollara qədər investisiya edəcəklər (hər şirkət 1 milyon dollara qədər vəsait ayıracaq). Proqram həm Hindistanda fəaliyyət göstərən yerli şirkətləri, həm də xaricdə yaşayan hindistanlı təsisçilərin qurduğu süni intellekt layihələrini əhatə edəcək.
Maliyyə dəstəyi ilə yanaşı, startaplara Google ekosistemindən geniş imkanlar təklif olunur. Bura Google Cloud və Gemini modellərindən istifadə üçün 350 min dollar dəyərində kreditlər, Google DeepMind tədqiqatçıları ilə əməkdaşlıq, həmçinin London və San-Fransiskoda keçiriləcək tədbirlərdə iştirak daxildir.
Google rəsmiləri vurğulayıb ki, proqrama qəbul olunan startapların qarşısına yalnız Google məhsullarından istifadə etmək kimi məcburi şərt qoyulmayacaq. Şirkətlər OpenAI və ya Anthropic kimi rəqiblərin texnologiyalarından da sərbəst yararlana bilərlər. Bu əməkdaşlığın əsas hədəfi Hindistandan çıxan qlobal səviyyəli innovasiyaları dəstəkləməkdir.
Bu addım Google-un Hindistan bazarına verdiyi önəmin növbəti göstəricisidir. Xatırladaq ki, şirkət daha əvvəl ölkədə rəqəmsallaşma üçün 10 milyard dollarlıq fond yaratmış, Bharti Airtel və Reliance Jio kimi nəhənglərə investisiya etmiş və bu yaxınlarda böyük həcmli məlumat mərkəzi tikəcəyini elan etmişdi.
