Az | EN

Azərbaycanda günəş elektrik stansiyalarının inşası üçün 160 milyon dollar dəstək ayrıldı

Cəmil Hüseynzadə
16 Noyabr 2024 19:41
263 baxış
Azərbaycanda günəş elektrik stansiyalarının inşası üçün 160 milyon dollar dəstək ayrıldı

Asiya İnkişaf Bankı (AİB) və Abu Dhabi Future Energy PJSC (Masdar) Azərbaycanda iki ən böyük günəş elektrik stansiyasının tikintisi üçün 2 kredit müqaviləsi imzalayıb. Stansiyalar paytaxt Bakıdan 140 kilometrlik  məsafədə olan, Biləsuvar və Neftçala rayonlarında yerləşəcək.

Tamamlandıqdan sonra günəş elektrik stansiyaları təxminən 725000 ton həcmində karbon qazının emissiyasını azaldacaq, habelə təmiz enerji gücünü 760 meqavat artıraraq ölkənin günəş enerjisi istehsalını üç dəfə artıracaq.

Ümumi məbləği 160 milyon ABŞ dolları olan maliyyə sazişi AİB-in adi kapital resursları hesabına maliyyələşdirilən Biləsuvar elektrik stansiyası üçün 48 milyon dollara qədər və Neftçala elektrik stansiyası üçün 33.5 milyon dollara qədər vəsaitdən ibarətdir. Asiyanın Aparıcı Özəl İnfrastruktur Fondu 2 (LEAP2) Biləsuvar elektrik stansiyası üçün 46 milyon dollara qədər və Neftçala stansiyası üçün 32 milyon dollara qədər vəsait ayırıb. Hər iki investisiya AİB tərəfindən idarə olunacaq.

“Azərbaycanda günəş enerjisi potensialından istifadə etməklə biz ölkənin enerji təhlükəsizliyinə töhfə veririk və bütün region üçün dayanıqlı inkişaf modeli təqdim edirik”, “Biləsuvar və Neftçala elektrik stansiyaları ölkənin dinamik enerji sektorunun özəl sektoru stimullaşdırmaq və beynəlxalq investorları səfərbər etmək potensialını əyani şəkildə nümayiş etdirir”,- deyə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş direktoru Suzanne Gaboury bildirib. 

AİB-lə birgə Asiya İnfrastruktur İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da iki günəş enerjisi layihəsinin ortaq kreditorlarıdır. Hər iki layihə, Masdar və onun tərəfdaşı, Azərbaycan Dövlət Neft Şirkətinin tam mülkiyyətindəki törəmə şirkəti “SOCAR Green” tərəfindən birgə maliyyələşdirilir. “SOCAR Green” ölkədə bərpa olunan enerji layihələrini həyata keçirəcək və karbon qazının emissiyalarının azaldılması üçün strateji yol xəritələri hazırlayacaq.

LEAP 2 Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin 1,5 milyard dollar öhdəliyi olan və AİB tərəfindən idarə olunan fonddur. O, karbon emissiyalarını azaldan, enerji səmərəliliyini yaxşılaşdıran və AİB-in inkişaf etməkdə olan üzv ölkələrinə münasib qiymətə səhiyyə, təhsil və rabitə xidmətləri göstərən davamlı özəl sektor infrastruktur layihələrinə diqqət yetirir.

2006-cı ildə qurulan Masdar, qlobal bərpa olunan enerji və dayanıqlı inkişaf layihələrinə investisiya yatırmaq üçün Abu Dabi hökumətinin əsas vasitəsidir. 2030-cu ilədək portfelini 100 qiqavata çatdırmağı hədəfləyən Masdarın hazırda dünya miqyasında fəaliyyət göstərən və tikintisi davam edən 20 qiqavatdan çox istehsal gücünə malik bərpa olunan enerji layihələri var.

AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

© copyright 2022 | tech.az | info@tech.az