Dünya ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilsə də, sektordakı bir çox əməliyyat prosesi hələ də elektron cədvəllər, e-poçt yazışmaları və əl ilə paylaşılan sənədlər üzərindən aparılır.
Sinqapur mərkəzli MagicPort azərbaycanlı sahibkarlar Əli Qara və Tural Əliyev tərəfindən qurulan dənizçilik texnologiyaları şirkəti olaraq xüsusilə liman səfərlərində istifadə edilən dənizçilik məlumat-analitikası və iş axını avtomatlaşdırılması həlləri hazırlayır. Liman səfəri gəminin yükləmə və ya boşaltma işləri görmək, təchizat almaq, yoxlamadan keçmək və ya digər xidmətlərdən istifadə etmək məqsədilə limana gəlməsini əhatə edən prosesi ifadə edir.
Bu əməliyyatlarda gəmi sahibləri (armatorlar), agentliklər, liman idarələri, təchizatçılar, ekipaj və xidmət təminatçıları birgə çalışır. Tərəflərin fərqli sistemlərdən istifadə etməsi və vaxt baxımından kritik məlumatların e-poçt, mesajlaşma tətbiqləri və elektron cədvəllər vasitəsilə paylaşılması görünürlüyün azalmasına, işlərin təkrarlanmasına və baha başa gələn səhvlərə yol aça bilir.
MagicPort-un platforması gəmilərin izlənməsi, tapşırıqların koordinasiyası, sənəd idarəçiliyi, xərclərin izlənməsi və əməliyyat məlumatlarının real vaxt rejimində paylaşılması kimi funksiyaları vahid sistemdə birləşdirir. Şirkət həmçinin inzibati iş axınları və dənizçilik verilənlərinin təhlili üçün süni intellekt əsaslı alətlər hazırlayır.
Şirkət Əli Qara və Tural Əliyev tərəfindən 2021-ci ildə qurulub. Qara sahibkarlıqdan əvvəl BP-də, Azərbaycan Mərkəzi Bankında və Beynəlxalq Maliyyə Korporasiyasında çalışıb. Təsisçi komandanın enerji, maliyyə və investisiya sahələrindəki təcrübəsi, eləcə də Sinqapurun geniş dənizçilik ekosisteminə çıxışı məhsulun inkişafında rol oynayıb. Tural Əliyev MagicPort-un həmtəsisçisi və CTO-su olaraq platformanın texnologiya və məhsul inkişafı proseslərinə rəhbərlik edir. Sahibkarlıqdan əvvəl ITCITY-nin həmtəsisçisi və IT direktoru kimi Azərbaycanın texnologiya ekosistemində fəaliyyət göstərən Əliyev verilənlərin analitikası, tətbiq hazırlanması və e-təhsil sahələrində çalışıb. COVID-19 dövründə komandası ilə birlikdə distant təhsili asanlaşdırmaq məqsədilə DiVOC adlı aparat və proqram təminatı həllini hazırlayıb. Texnologiya, məhsul inkişafı və təhsil sahələrindəki təcrübəsi MagicPort-un rəqəmsal infrastrukturunun formalaşmasında rol oynayıb. MagicPort ilk mərhələdə sektor əlaqələrinə və məlumat məhsullarına fokuslanıb, ardınca liman əməliyyatlarının avtomatlaşdırılmasına yönəlib.
MagicPort-un paylaşdığı məlumata görə, platforma bu gün 80-dən çox ölkədə 300-dən artıq şirkətə xidmət göstərir. Bu göstəricilər ənənəvi iş üsullarının güclü olduğu dənizçilik sektorunda ölçülə bilən səmərəlilik təmin edən rəqəmsal həllərə tələbatın olduğuna işarə edir.
Şirkət 2026-cı ilin iyulunda liman əməliyyatlarına yönəlik məhsullarını və süni intellekt dəstəkli platformasını inkişaf etdirmək məqsədilə 3 milyon dollarlıq pre-seed investisiya raundu elan edib. Raunda INMerge Ventures, Sturgeon Capital, Hustle Fund, Everywhere Ventures, Transport Capital, Caucasus Ventures və dənizçilik investoru Scorpa Pranedya qatılıb. Azərbaycanda təsis edilən Caucasus Ventures MagicPort-un erkən mərhələ investorları sırasında da yer alır.
Liman səfərləri zamanı yaranan əməliyyat, kommersiya və maliyyə verilənləri çox zaman fərqli sistemlərdə saxlanılır. Bu məlumatların vahid strukturda toplanması gələcəkdə uyğunluq prosesləri, ödənişlər, təchizatçı seçimi, risklərin izlənməsi və proqnoza əsaslanan qərar qəbulu kimi sahələrdə yeni məhsulların hazırlanmasına imkan verə bilər.
MagicPort-un yanaşması dənizçilikdəki mövcud iş əlaqələrini əvəz etmək yerinə, bu əlaqələrin daha nizamlı və izlənə bilən rəqəmsal infrastruktur üzərindən aparılmasını hədəfləyir.
