Az | EN

Azərbaycanda marketinq startapı 300-ə yaxın inflüenseri öz platformasına cəlb edib

Cəmil Hüseynzadə
26 Fevral 2024 12:16
793 baxış
Azərbaycanda marketinq startapı 300-ə yaxın inflüenseri öz platformasına cəlb edib

2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsi almış “Boost” MMC–nin əsas fəaliyyət sahəsi marketinq və inflüenser marketinq xidmətinin göstərilməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında MMC-nin rəhbəri Əhməd İbrahimov bildirib.

Onun sözlərinə görə, son illər sosial media insanların həyatının bir parçasına çevrildiyindən insanlara hər hansı məlumatı çatdırmaqda ən effektiv yol sosial media kanalları olub. Bu səbəbdən şirkətin təqdim etdiyi xidmətlər əsasən sosial media marketinqidir.

Startap şəhadətnaməsi almaqla müəyyən imtiyazlara sahib olduğunu, KOBİA tərəfindən xüsusi dəstək gördüyünü deyən Ə.İbrahimov bildirib ki, bununla yanaşı, Nazirlər Kabinetinin qərarı əsasında 3 il ərzində bir sıra vergi güzəştləri əldə edilib.

“Boost” platforması artıq 2 ilə yaxındır fəaliyyət göstərir. Hazırda platformamızda 300-ə yaxın inflüenser yer alır və bu rəqəm daim artmaqdadır. Platformamız üzərindən biznes sahibləri rahatlıqla, maddi olaraq daha münasib şərtlərlə və zəmanətli baxış sayı nəticələri ilə marketinq kampaniyaları həyata keçirə bilərlər. Ən böyük uğurumuz isə əməkdaşlıq etdiyimiz müştərilərimizin yenidən bizimlə çalışmaq üçün geridönüş etməsidir. Həyata keçirdiyimiz əməkdaşlıq davamlı və uzunmüddətli olub. Bazarda isə zəmanətli baxış sayı və dəqiq hesabatlar təqdim edən yeganə inflüenser marketinq platformasıyıq”, - MMC rəhbəri vurğulayıb.

Şirkət rəhbəri həmçinin qeyd edib ki, “Boost” MMC öz fəaliyyətində müasir texnologiyalardan da istifadə edir: “Belə ki, təqdim edilən platforma sayəsində, biznes sahibləri birbaşa inflüenser axtarmaqla və ya onlarla əlaqə saxlamaqla vaxtını sərf etmir və sadəcə “Boost” platforması üzərindən həyata keçirmək istədikləri kampaniya haqqında məlumatı təqdim edirlər. Digər işlər isə “Boost” platforması tərəfindən həyata keçirilir. Avtomatlaşdırılmış müasir texnoloji həllər sayəsində sözügedən tələblər əsasında platforma tərəfindən inflüenserlərin auditoriyası və paylaşım edilən məzmunlar analiz edilərək ən uyğun olan inflüenserlər seçilir. Veb-səhifəyə (www.boost.az) keçid edilərək platforma haqqında daha ətraflı məlumat əldə etmək mümkündür

© copyright 2022 | tech.az | info@tech.az