Prezident İlham Əliyev bununla əlaqədar müvafiq Fərman imzalayıb.
Fərmana görə, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Bu informasiya sisteminin idarə edilməsi və əməliyyatların həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub. Nazirlik həmçinin sistemin sahibi və operatoru funksiyasını da yerinə yetirəcək.
Fərman çərçivəsində, sistemin işini təşkil etmək üçün lazım olan telekommunikasiya avadanlıqları və daxili kanalların qurulması İqtisadiyyat Nazirliyinin struktur bölmələrinə tapşırılıb. Bununla yanaşı, sistemin digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası üçün tələb olunan telekommunikasiya vasitələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təmin ediləcək.
Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin idarə olunması və arxivləşdirilməsi Qaydaları” haqqında sənəddən irəli gələn vəzifələri icra etmək tapşırılıb. Nazirlər Kabinetinə isə bu fərman çərçivəsində ortaya çıxan digər məsələlərin həll olunması həvalə edilib.