Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi ilə bağlı yeni tələblər 1 oktyabrdan qüvvəyə minir. Mərkəzi Bank tərəfindən təsdiqlənən qaydalar onlayn istehlak kreditlərinin rəsmiləşdirilməsi və vəsaitlərin müştəriyə köçürülməsi ilə bağlı yeni mexanizmlər müəyyən edir.
Yeni qaydalara əsasən, vətəndaşlar banka yazılı müraciət edərək öz adlarına onlayn istehlak krediti götürülməsini və ya mövcud kredit limitinin artırılmasını bloklaya biləcəklər. Bu məhdudiyyət bütün satış platformalarında tətbiq olunacaq.
Qadağanı aradan qaldırmaq üçün müştəri banka şəxsən müraciət etməli və ya gücləndirilmiş elektron imza və autentifikasiya vasitələrindən istifadə etməlidir.
Onlayn kredit rəsmiləşdirildikdən sonra vəsait dərhal köçürülməyəcək. Minimum əməkhaqqının iki mislinədək olan kreditlər üzrə 2 saat, bu məbləğdən yuxarı kreditlər üzrə isə 24 saatlıq gözləmə müddəti tətbiq ediləcək.
Banklar kredit rəsmiləşdirməzdən əvvəl müştərinin onlayn kredit məhdudiyyətinin olub-olmadığını həm öz sistemləri, həm də Kredit Bürosunun məlumatları əsasında yoxlamalıdır. Məhdudiyyəti olan şəxsin adına distant kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması mümkün olmayacaq.
Belə müştərinin adından onlayn kredit müraciəti edildikdə isə bank mobil tətbiq və ya SMS vasitəsilə müştəriyə dərhal məlumat göndərəcək.
Yeni tələblər banklarla yanaşı bank olmayan kredit təşkilatlarına (BOKT) da şamil edilir.
