Azərbaycanda startaplar və texnologiya şirkətləri üçün vergi güzəştlərinin müddətinin artırılması təklif olunur.
Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan və “Startap” və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda, həmin pay və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirin 100 faizi 10 il müddətinə gəlir və mənfəət vergisindən azad ediləcək.
Bununla yanaşı, fərdi sahibkar kimi fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyekti olan startapların innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi güzəştinin müddətinin 3 ildən 7 ilə artırılması nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
